Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanı imzalayıb.
   Yeni əlifbada edilən dəyişiklik barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
   2017-ci ilin oktyabrında N.Nazarbayev qazax dili əlifbasının 2025-ci ilə qədər tədricən latın qrafikasına keçidi barədə fərman imzalamışdı. Fərmana əsasən, yeni əlifbada bir sıra hərflər apostrof işarələri ilə göstərilirdi. Lakin bu variant yazılışda çətinliklər yaratdığına görə dilçi mütəxəssislər tərəfindən məqbul sayılmadı. Dövlət başçısı tərəfindən fərmana edilən dəyişikliyə əsasən, 32 hərfdən ibarət yeni əlifbadan apostrof işarəsi çıxarılıb. Bununla belə, yeni əlifbada bəzi hərflər diqrafla (iki hərf: ç - ch, ş - sh) göstərilib.
   Qeyd edək ki, Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikasından, 1940-cı ilədək latın qrafikasından, o vaxtdan bu günə qədər isə kiril qrafikasından istifadə olunub. Kiril qrafikası əsasında yaradılmış qazax əlifbası 42 hərfdən ibarətdir.