Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyasında Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar vermiş Mansurovlar nəslinə həsr olunmuş “Babam və mən” adlı sənədli filminin çəkilişləri yekunlaşıb. Filmin ssenari müəllifi və rejissoru, Əməkdar incəsənət xadimi Aydın Dadaşovun bildirdiyinə görə, ekran əsəri fotolar üzərində qurulub: “İstənilən kadr bir fotodur. Hər fotonun da maraqlı tarixi var. Mansurovlar ailəsi musiqiçilər nəsli kimi məşhurdurlar, lakin bu ailənin maraqlı foto mədəniyyəti də var.
   Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Eldar Mansurovun babası Məşədi Süleyman zəngin iş adamı olub və Avropanın müxtəlif şəhərlərinə səyahəti də çox sevirmiş. Gəzdiyi yerlərin fotolarını çəkirmiş. Filmdə Məşədi Süleyman və qardaşı Mirzə Mansurun səyahət zamanı başına gələn hadisələr yer alır. E.Mansurovun nəql etdiyi hadisələr həmin dövrün fotoları ilə canlandırılır. İki qardaş səyahət zamanı milli geyim - Qafqazsayağı libas geyinirlərmiş. Onlar getdikləri məkanlar, tanış olduqları maraqlı insanlarla fotolar çəkdirirlərmiş. Həmin fotolar bu günə qədər ailə arxivində qorunub saxlanılıb və bir qismi filmə daxil edilib”.
   “Babam və mən” sənədli filminin operatorları Elşən Əliyev, Rüfət Süleymanov, montajçısı Ramiz Hüseynovdur. Filmin iyun ayında təhvil verilməsi nəzərdə tutulur.    

  R.İsayeva