Görkəmli bəstəkar Cövdət Hacıyevin yetirməsi, Əməkdar incəsənət xadimi, professor Vasif Allahverdiyevin yaradıcılığı daima musiqi ictimaiyyətinin marağına səbəb olur, geniş dinləyici kütləsinin rəğbətini qazanır. Onun əsərləri özünəməxsus musiqi dili, peşəkar üslubu ilə fərqlənir. Azərbaycan xalq musiqisini dərindən bilən, daima yeni ifadə üsulları axtaran bəstəkarın yaradıcılığı çoxşaxəlidir. O, musiqinin bir çox janrlarına (simfonik, kamera musiqisi, vokal və s.) müraciət etmişdir. Vasif Allahverdiyev yazdığı bütün əsərlərində milli ənənələrlə müasir ifadə vasitələrini üzvi surətdə birləşdirmişdir. Yaradıcılığında milli qaynaqlara bağlılıq özünü parlaq şəkildə büruzə verir. 
   Bəstəkarın yazdığı əsərlər tez-tez paytaxtın musiqi salonlarında, beynəlxalq səviyyəli tədbirlərdə, Azərbaycan Bəstəkarlar İttifaqının plenumlarında eşidilir. Martın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçirildi.
   Filarmoniyanın və “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan tədbirdə Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi olan Vasif Allahverdiyevin zəngin yaradıcılıq fəaliyyətindən danışdı. Bildirdi ki, Vasif Allahverdiyev 1992-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə, 1994-cü ildə isə tar ixtisası üzrə bitirib. Bəstəkar simfonik orkestr üçün “Atatürk” simfoniyası, “Heydər Əliyev - ömür yolu” simfonik poeması, səs və kamera orkestri üçün “Sənsizlik” elegiyası, xalq çalğı alətləri orkestri üçün “Cəngi sədası”, solo tar üçün “Qarabağ balladası”, ağac nəfəsli kvartet və nağara üçün “Muğamsayağı”, milli musiqi alətləri və kamera orkestri üçün işləmələrin müəllifidir. Hazırda Azərbaycan Milli Konservatoriyasının professoru olan Vasif Allahverdiyev gənc musiqiçilərin yetişməsində yaxından iştirak edir.
   Tədbir bəstəkarın əsərlərindən ibarət musiqi nömrələrinin səsləndirilməsi ilə davam etdi. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə səslənən əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
   Səslənən ilk əsər “Atatürk” simfoniyası oldu. 1992-ci ildə yazılmış 3 hissəli simfoniya türk xalqının böyük oğlunun şərəfli ömür yolunun parlaq musiqi təcəssümüdür.
   Vasif Allahverdiyev yaradıcılığında vokal musiqiyə geniş yer verir. Onun “Sənsizlik” elegiyası” (səs və kamera orkestri üçün), “Bəlkə görüşdük”, “Azərbaycan”, “Hara gedirsən”, “O yollar”, “Bakı” və s. vokal əsərlərini qeyd edə bilərik. Bəstəkar bir çox xalq mahnılarını səs və kamera orkestri üçün işləmişdir. Budəfəki konsertdə onun sözləri Maya Heydərqızına aid, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Sənsizlik” elegiyası tanınmış metso-soprano Ayan Qurbanovanın ifasında böyük coşquyla qarşılandı. 
   Ardınca Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında iki əsər səsləndirildi. Onlardan biri müəllifin 2005-ci ildə yazdığı I hissəli “Simli orkestr üçün musiqi”, ikincisi “Sevgi valsı” idi. Lirik sevgi hislərini əks etdirən bu əsər həzin və yaddaqalan melodiyası ilə diqqəti cəlb etdi. 
   Konsertdə səslənən növbəti böyük həcmli əsər “Ömür yolu” simfonik poeması oldu. Ümummilli lider Heydər Əliyevə həsr olunan əsərlər sırasında Vasif Allahverdiyevin 1996-cı ildə yazdığı “Ömür yolu” simfonik poeması özünəməxsus yer tutur. Qeyd olunmalıdır ki, “Ömür yolu” simfonik poeması ulu öndərə həsr olunan ilk simfonik əsərdir. Simfonik poemada böyük liderin obrazı ilə yanaşı onu əhatə edən mühit, Azərbaycanın başına gələn müsibətlər və s. təsvir olunmuşdur. Bəstəkar Heydər Əliyevin ömür yolu fonunda onun şəxsi musiqi portretini yaratmışdır. Əsərin daha bir maraqlı cəhəti böyük siyasətçinin qətiyyətinin ön plana çıxarılmasıdır. Vasif Allahverdiyev nikbin, həyat eşqi ilə yaşayan, böyük yaradıcılıq potensialına malik sənətkardır. Yaradıcılığının kamillik dövrünü yaşayan bəstəkar yüksək peşəkarlıq prinsiplərinə sadiq qalaraq milli musiqi mədəniyyətimizin tərəqqisi naminə yorulmadan çalışır. Onun əsərləri ali və orta ixtisas musiqi məktəblərinin tədris repertuarına daxil edilir. Bu yazıda biz qısa da olsa, onun yaradıcılığının zənginliyini, sənət dünyasının genişliyini, milli musiqi incəsənətinin inkişafı naminə gördüyü işlərin əhəmiyyətini göstərmək istədik. Bütün bunlar istedadlı bəstəkarın ömür yolunun mərhələləridir. 
   
   Jalə Qulamova 
   Azərbaycan Milli Konservatoriyasının elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru