Sloveniyanın Nova Qoriça şəhərində rejissor Tahir Əliyevin “Salnamə” kinostudiyasında lentə aldığı iki filmə baxış olub.
   
   Azərbaycan və Sloveniyanın müharibə veteranlarının görüşü çərçivəsində Kromberq muzeyində “IX korpus” və “Unudulmuş partizan” filmi göstərilib.
   Qonaqlar arasında Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, Nova Qoriça şəhərinin meri Matej Arçon, italiyalı tarixçi, professor Marina Rossi, “Sloveniya-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri İvan Başin, hərbi tarixçi, professor Musa Bağırov, ehtiyatda olan polkovnik Rasim Muxtarov, veteran Zahiddin Abbasov və başqaları iştirak ediblər.
   Tədbirin sonunda rejissor Tahir Əliyevə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı təqdim olunub. “IX korpus” filmi II Dünya müharibəsi illərində Sloveniya torpaqlarında alman faşistlərinə qarşı mübarizə aparmış azərbaycanlıların qəhrəmanlığından bəhs edir. “Unudulmuş partizan” filmi isə əfsanəvi partizan Mirdamət Seyidova həsr olunub.
   
   Lalə