71-ci Kann kinofestivalında qazaxıstanlı Samal Eslyamovanın ən yaxşı qadın rolunun ifaçısı kimi "Qızıl palma budağı"na layiq görülməsi barədə xəbər vermişdik.
Sergey Dvorsevoyun "Ayka" filmində miqrant qadın rolunda çəkilmiş aktrisa ilk dəfə olaraq rus kinosuna Kann festivalının ən yaxşı qadın rolu mükafatını qazandırıb. Maraqlıdır ki, "Ayka" filminin adı Kannda çəkilənədək Rusiyada onu tanıyanlar çox az idi. 
Filmin baş qəhrəmanı Ayka adlı qırğız qızı qazanc ardınca Moskvaya gəlir. Çox çətin vəziyyətdə olduğu üçün yenicə doğulmuş körpəsini doğum evində ataraq qaçan Ayka həyatın çətinliklərinə qalib gəlməyə, pul qazanıb, öz körpəsinə qovuşmağa çalışır... 
Samal Eslyamovanın 34 yaşı var. O, 1984-cü ildə Şimali Qazaxıstanda, Petropavlovsk şəhərində doğulub. 19 yaşında ikən Sergey Dvorsevoyun Qazaxıstan çölünün sakinləri haqqında "Zanbaq" filmində çəkilib. Maraqlıdır ki, rejissor özü də Qazaxıstanın Şimkənt şəhərində doğulub, 90-cı illərdə isə Rusiyada sənədli filmlər rejissoru kimi tanınıb. Jurnalist olmaq istəyən Samal balı çatmadığından Astana Universitetinə qəbul oluna bilmir və Petropavlovskdakı İncəsənət kollecində təhsil alır. Kinoya təsadüfən gəlib. Teatrın foyesində "Zanbaq" filminə sınaq çəkilişləri barədə elanı oxuyub "Qazaxfilm" kinostudiyasına gəlir. Tələbə qız rejissor Sergey Dvorsevoya yarızarafat deyir ki, yalnız baş rolda çəkilmək niyyətindədir. 
Beləcə "Zanbaq" filmində yurtada yaşayan gənc ailəli qadın roluna çəkilir. Maraqlıdır ki, həmin film də 2008-ci ildə Kann festivalının "Xüsusi baxış" proqramında iştirak edərək əsas mükafata, ardınca da xeyli beynəlxalq mükafata layiq görülüb. 
"Zanbaq" filmindən sonra Samal Moskvaya gəlir, Dövlət Teatr Sənəti İnstitutunda təhsil alır və rus dilində səlis danışmağı öyrənir. Tənqidçilər Samal Eslyamovanın "Ayka"dakı rolunu "tamaşaçını sarsıdacaq qədər yaddaqalan", "ağlasığmaz ustalıq" kimi ifadələrlə yüksək qiymətləndirirlər. Hətta tənqidçilərin bir qismi etiraf edir ki, rus kinosunda bu qədər təbii, təmkinli ağrı və tükənməz enerjini nümayiş etdirə bilən aktrisaya çoxdan rast gəlinmir. 
Samal etiraf edir ki, Rusiyanı və Moskvanı çox sevsə də, Qazaxıstana qayıtmağı arzulayır. Deyir ki, öz kiçik vətənini, dünyanın ən gözəl diyarı hesab etdiyi Şimali Qazaxıstan vilayətini çox sevir. Üstəlik, aktrisa ailə qurmaq fikrindədir: sənət fəaliyyəti indiyədək ona şəxsi həyatı ilə bağlı qərar verməyə mane olub...