4-8 iyun tarixində Bakıda keçirilmiş Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatını Türkiyəyə aparmış Minə Kurtoğlunun adı qardaş ölkənin xəbər portallarından düşmür. Gözəl və güclü soprano səsini, maraqlı səhnə performansını izlədiyimiz, həm də cəsarətli repertuarla sənət yarışına qatılmış Minəni siz də yaxından tanıyın.

1983-cü ildə Ankarada doğulmuş Minə Kurtoğlu ilk dəfə 8 yaşında Dövlət Uşaq Xorunun üzvü kimi səhnəyə çıxıb. 1997-ci ildə isə Ankarada Anadolu Gözəl Sənətlər Liseyinin violin sinfinə daxil olub, 2001-ci ildən təhsilini Qazi Universitetinin Musiqi fakültəsində davam etdirib. Tələbəlik illərində həm də Keriman Davrandan ciddi vokal dərsləri almağa başlayıb.

Bülbül adına müsabiqəyə qoşulanadək müxtəlif beynəlxalq yarışmalarda iştirak edib, dünya şöhrətli vokalçılardan, opera sənətçilərindən ustad dərsləri alıb. 2009-cu ildən Ankara Dövlət Opera və Balet Teatrında, Karşıyaka opera səhnəsində tamaşalarda oynayır, simfonik orkestrlər ilə çıxış edir. “Toska”, “Maqbet”, “Aida”, “Karyağdı hatun”, “Əczaçı”, “Əlibaba və qırx harami”, “Aşkı-Memnu” operalarında əsas qadın partiyalarını ifa edib.

2016-17-ci teatr mövsümündən etibarən Samsun Dövlət Opera və Balet Teatrında dəvətli solist kimi sənət karyerasını davam etdirən Minə Kurtoğlu Türkiyənin tanınmış vokalçısı Tuncay Kurtoğlu ilə evlidir. 

GÜLCAHAN