Qaraxanlı türkcəsindən çevrilən kitab işıq üzü görüb

Türküstanda yaşayıb-yaratmış görkəmli türk-islam şairi, mütəfəkkir Ədib Əhməd Yügnəkinin (XII əsr) “Atəbətül-həqaiq” (“Həqiqətlər qapısı”) poeması Azərbaycan dilində nəşr olunub.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən əsərin Qaraxanlı türkcəsindən çevirəni və tərtibçisi AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əbülfəz Quliyev, ön sözün müəllifi akademik Nizami Cəfərovdur. Qaraxanlı dövlətinin (840-1212) hökmdarı Məhəmməd Dad İspəhsalar bəyə ithaf olunan 250 beytdən ibarət poema əruz vəzninin mütəqarib bəhrində qələmə alınıb. Əxlaqi-didaktik məzmunda yazılan əsərdə sufizm ideyaları, yüksək insani keyfiyyətlər, doğruluq, dünya və axirət qayğıları tərənnüm olunur. Nəşrdə əsərdə işlənən sözlərin lüğəti hazırlanıb və geniş şərhlər verilib.