“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan xalçalarının dünyada satışının təşkil olunması məqsədilə tədbirlər həyata keçirir. Bu tədbirlərin davamı kimi dünyanın nüfuzlu xalça jurnallarından olan “Carpet XL”də “Azərxalça”nın məhsullarının reklamına başlanılıb. Jurnalın 2018-ci ildə nəşr edilmiş nömrələrində “Azərxalça”nın reklamına geniş yer verilib.

“Azərxalça”nın mətbuat xidmətindən bildirilib ki, Hamburqda (Almaniya) “SN Verlag” Nəşr Evi tərəfindən ingilis və alman dillərində çap olunan jurnal ildə 4 dəfə çıxır. Jurnalın əsas oxucuları Amerika Birləşmiş Ştatları və Avropa ölkələrindəndir.

“Azərxalça”nın “Carpet XL” ilə əməkdaşlığı bu ilin əvvəlindən başlayıb. Daha çox biznes sektorunda yayılan bu jurnalda Azərbaycan xalçalarının təbliğ olunması xüsusi əhəmiyyət daşıyır. Belə bir jurnalda reklamın yerləşdirilməsi dünyada Azərbaycan xalçalarına olan marağı daha da artıracaq.