Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda İsrail Bar-İlan Universitetinin əlyazmaşünas alimləri – professor Zohar Amar və Yaron Serri ilə görüş keçirilib.

İnstitutdan bildirilib ki, görüşdə qonaqlar Orta əsrlər əlyazmaları əsasında tibbin tarixini, dünyanın bitki örtüyünü öyrəndiklərini diqqətə çatdırıblar. İsrailli alimlər institutda mühafizə olunan tibbə dair qədim ərəbdilli əlyazmalarla maraqlandıqlarını vurğulayıblar.

Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli onları UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer almış tibbə dair üç nəfis əlyazma ilə tanış ediblər.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov bu elm müəssisəsinin ekspozisiya zalında israilli alimlərə binanın tarixi, burada qorunan əlyazmalar haqqında məlumat verib.