Ölkəmizdə vaxtilə toxunmuş parçaların şöhrəti yaxın-uzaq diyarlara yayılıb

Toxuculuq xalqımızın köklü ənənələri olan qədim sənət sahələrindən biridir. Tarixən rəngarəng naxışlı parçalar bədii-estetik düşüncənin inkişafında mühüm rol oynamaqla yanaşı, dövrün sənətkarlıq mənzərəsini də özündə yaşadıb.  Parçaların istehsalında əsasən üç naxış üsulundan istifadə olunur: toxuma naxış, basma naxış və tikmə naxış. İndi isə bir sıra parçaların xüsusiyyətlərinə nəzər salaq.

Tafta – bu parça ipəkdən toxunur, saya və naxışlı olur. Sapının zərif tovluluğu, sıxlığı, naxışlarının sadəliyi və rəng harmoniyasının ifadəli həlli ilə digər növ parçalardan fərqlənir. Azərbaycanın milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət qazanmışdı.

Qanovuz parçasının sap sıxlığı taftaya nisbətən çoxdur. Onun əriş sapları tovlu olur. Rəngləri də sarı-yaşıl, qara-qırmızı, göy-qırmızı olur və üzərinə işıq düşəndə bərq vuraraq müxtəlif rəng çaları yaranır. Qanovuz parçaları rəng çalarına görə, xalq arasında “şahı”, “cənnəti”, “gecə-gündüz”, “səhər-axşam” kimi adlarla tanınıb. Sapının keyfiyyətindən asılı olaraq, iki cür (əsl qanovuz və xam qanovuz) toxunub. Əsl qanovuz əbrişim ipəyindən hasil edilib. Üz örtüyü şəffaf, elastik və zərif olub. Xam qanovuz isə ipək qarışığından hazırlandığına görə üz örtüyü qeyri-şəffaf olur. Bu parça xalq arasında “kasıb qanovuzu” adı ilə də tanınıb.

Darayı kətan qrupuna aiddir. Sıx toxunuşlu, sapı tovlu, bişmiş baramadan (gəci) toxunan, üzü qeyri-şəffaf qədim xalq toxumasıdır. Kətan qrupuna aid toxumalar kimi darayı da arşınnüma və ədədi toxunub. XIX əsrdə bu toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşada geniş yayılıb. Darayı toxumalar zolaqlı, həm də dama-dama naxışlı olur. Bu parçalardan əsasən qadın paltarlarında geniş istifadə olunub. Bunu Aşıq Ələsgərin “Başında Herat kəlağayı, Hər paltarı darayıdır” misralarından da görmək olar.

Nov – kətan hörüklü parçadır. Həm saya, həm də zolaqlı və dama-dama naxışlı olur. Sap sıxlığı tafta toxumaya nisbətən seyrəkdir. Burada soyuq rənglərə nisbətən isti rənglər üstünlük təşkil edir. Parçanın yerliyi əsasən qırmızı rəngli, enli zolaqlardan ibarət olur. Zərif toxunuşu, rəng əlvanlığı ilə fərqlənən nov parçalar xalq məişətində, xüsusilə toy və bayramlarda daha çox istifadə olunub.

Cecim dekorativ toxuma olub yun, pambıq və ipək liflərdən hazırlanır. Qalın, davamlı, möhkəm və ağır qırçınlı olur. Azərbaycanın əsasən aran və qismən dağətəyi bölgələrində (Ağcabədi, Cəbrayıl, Ağdam, Bərdə, Ordubad) – ipəkçiliyin daha çox inkişaf etdiyi yerlərdə istehsal olunub.

Alaca – xalq arasında “al”, “ala”, “alışan” adı ilə tanınıb. Əsasən yundan və ipəkdən toxunub. Kətan hörüklü, sıx toxunuşlu, möhkəm və davamlı qədim toxumadır. Bu parça Azərbaycanda hələ VI-IX əsrlərdə toxunub. “Kitabi-Dədə Qorqud”da alaca parçadan yorğanüzündə istifadə edildiyi bildirilir. XVI-XVII əsrlərdə yaşamış bir çox aşıqların qoşmalarında azərbaycanlı qadınların alaca parçadan paltar geydiyinə rast gəlinir. Sarı Aşıq qoşmalarının birində deyir:

Geyibsən alacanı,
Tər saxla alacanı.
Yarın ala gözləri
Az qala ala canı...

Tətinlik – məişətdə geniş istifadə olunan bu parça da yun, ipək və iplikdən toxunub. Müxtəlif rəngli zolaq və mil-mil naxışları olub. Yer hanasında toxunan cecimi parçadır. Alaca parçadan seyrək toxunuşu, nisbətən eni mil və zolaqları ilə fərqlənir. XIX əsrdə tətinlik yerli istehsal kimi Gəncə və Şuşa qəzalarının toxuculuq sənayesində xüsusi yer tutub.

Xasqırmızı parça əsasən Gəncədə istehsalı olunub. Tünd-qırmızı yerlikdə sarı, yaşıl, göy, ağ, qara mil və zolaqlara malik olur. Bu parçadan kişi və qadınlar üst köynəyi tikdirərmiş.

Ümumiyyətlə, XIX-XX əsrlərdə Azərbaycanda toxuma naxış parçaların bəzi texniki-dekorativ xüsusiyyətləri bir sıra xalqların kustar toxumalarının bədii tərtibatında müşahidə olunub. Bu oxşarlıq xalqların yaxınlığı, qarşılıqlı mədəni-ticarət əlaqələri ilə bağlı olub.

Savalan FƏRƏCOV