AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) Xalçaşünaslıq sektorunun əməkdaşları Qobustan rayonunda etnoqrafik ekspedisiyada olublar.

Sektorun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov bildirib ki, Qobustan rayonunun kəndlərində Azərbaycanın tarixi keçmişini, etnoqrafiyasını, mədəniyyətini əks etdirən kurqanlar və bu tipli qəbir abidələri, yaşayış yerləri, məscidlər, qalalar mövcuddur. Qobustan, eyni zamanda respublikamızın pirlərlə zəngin olan ərazilərindəndir. Bu pirlər tarixi-etnoqrafik baxımdan maraqlı tədqiqat mövzularından biridir. Onların öyrənilməsi və təbliği istər milli mədəniyyətimizin müxtəlif aspektlərinin perspektiv inkişafına, istərsə də turizmin inkişafına təkan verən amillərdən ola bilər. Rayonun, demək olar ki, bütün kəndlərində tarixi əsrlərlə hesablanan, yerli əhalinin dünyagörüşünü, inanclarını əks etdirən ziyarətgahlar da mövcuddur.

Ekspedisiya çərçivəsində VIII-IX əsrlərdə tarixi Şirvan ərazisində yaranmış, XI-XV əsrlərin intibah dövrünə təsadüf edən Şirvan-Abşeron memarlıq məktəbinin nümunələrindən biri – Diri baba türbəsinin, Mərəzə qəsəbəsinin, Nərimankəndin, Cəyirli bələdiyyəsinə daxil olan Cəyirli və Çalov kəndlərinin tarixi, etnoqrafik mirası, o cümlədən adət-ənənələri, təsərrüfat və məşğuliyyət sahələri və s. öyrənilib. Həmçinin xalçaçılar, xalça tacirləri, boyaqçılıq ənənələri haqqında məlumat toplanılıb.

V.Muradov deyib: “Şirvan Azərbaycanın xalçaya bağlı olan bölgələrindəndir. Hətta xalçaçılığın və xalçanın dəbdən düşdüyü zamanlarda belə, Şirvanda xalça toxuculuğu zəifləməyib. Bu, ilk növbədə, şirvanlıların etnoqrafiyasına, ənənələrinə, həyat tərzinə sadiqliyi və bu məsələyə ciddi mühafizəkarlıqla yanaşmaları ilə əlaqədardır. Xalça və xalça məmulatları da daima qorunan və nəsildən-nəslə ötürülən əsas etnoqrafik atributdur”.

Sektor müdiri Qobustan rayonunun digər kəndlərində də tədqiqat işlərini davam etdirəcəklərini bildirib.

Qeyd edək ki, sektor yarandığı vaxtdan Azərbaycan boyaqçılıq sənəti, Naxçıvan xalçaçılığı mövzularında tədqiqatlar aparıb. Tədqiqatların nəticələri Azərbaycan, rus, ingilis və ərəb dillərində kitablarda əksini tapıb.