Azərbaycanın milli musiqi alətləri – kamança, qoşanağara və balaban Fransanın Seret şəhərində yerləşən Musiqi alətləri muzeyinə hədiyyə edilib.

Musiqi alətlərimizin muzeyə hədiyyə olunması Fransadakı səfirliyimizin və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə Seret musiqi festivalı çərçivəsində həyata keçirilib.

Seret şəhərinin meri Alain Torrent tədbiri açaraq ölkəmiz haqqında məlumat verib.

Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə birinci katibi Vaqif Ağayev musiqi alətlərimizin zənginliyindən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan muğam sənəti, eləcə də tar və kamança alətlərinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Diplomat Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği istiqamətində reallaşdırdığı layihələr, Bakıdakı Beynəlxalq Muğam Mərkəzi haqqında da məlumat verib.

ADFA-nın vitse-prezidenti Aytən Muradova muzeyə hədiyyə edilən musiqi alətlərinin hazırlanmasının incəliklərindən söz açıb.

Sonra Vaqif Ağayev və muzeyin direktoru Paul Macee milli musiqi alətlərimizin muzeyə hədiyyə edilməsinə dair sənəd imzalayıblar.

Ceyhun Eyvazov zurna, balaban və tütəkdə “Aman, Tello” xalq mahnısını, “Sən gəlməz oldun”, “Çoban bayatı” və digər musiqilərimizi səsləndirib.