Oktyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda yerləşən Yunus Əmrə Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub. Kitaba ön sözü Azərbaycan Tərcümə Mərkəzinin sədri Afaq Məsud yazıb.

Tədbiri Avrasiya Mədəniyyət Qrupunun sədr müavini Mark (Marat) Axmedjanov açaraq kitab haqqında məlumat verib. Bildirib ki, nəşrə daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçilər Karolina Valton və Anna Mariya Cekson çeviriblər.

Kitabın eyni zamanda redaktoru olan Karolina Valton deyib: “Şeirlərin tərcüməsi zamanı çox böyük zövq aldım, Leyla Əliyevanın necə aydın və çoxşaxəli yaradıcılığının olduğunu gördüm. Onun çox gənc olması məni təəccübləndirdi. Onun başqa əsərləri ilə də tanış olmaq istəyirəm”.

Daha sonra tərcüməçi kitabdan bir neçə şeir oxuyub.

Nəşrdə müəllifin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və s. şeirləri yer alıb. Azərbaycan Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab “Hertfordşir Press” nəşriyyatında çap edilib.

Qeyd edək ki, Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” kitabı Daşkənddə özbək dilində də işıq üzü görüb. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və “Kaspi” təhsil şirkətinin birgə layihəsi ilə ərsəyə gələn nəşrin ön söz müəllifi AMM-in direktoru Samir Abbasov, tərcüməçisi Şəhla Qasımovadır.