Sərgi-konfransda işğal altındakı rayonlarımızın mədəni irsinə vurulan ziyandan söhbət açılıb, xilas edilmiş muzey eksponatları nümayiş olunub

Noyabrın 27-də Muzey Mərkəzinin sərgi qalereyasında “Bizi yurdumuza qaytarın” adlı sərgi-konfrans keçirildi. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, İstiqlal Muzeyi və Muzey Mərkəzinin təşkilati dəstəyi ilə reallaşdı.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək sərgi-konfrans haqqında məlumat verdi. Bildirdi ki, erməni işğalı nəticəsində xeyli sayda muzey eksponatlarımız düşmən tərəfindən talan edilib, dağıdılıb. Həmin eksponatların kiçik bir qismini düşməndən xilas etmək mümkün olub. Bu nümunələrin bugünkü sərgidə nümayiş etdirilməsinin məqsədi ölkəmizin məruz qaldığı işğala biganə yanaşan beynəlxalq təşkilatlara cansız əşyaların dili ilə yaşadığımız reallığı çatdırmaqdır.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ermənistanın işğalı nəticəsində ölkəmizə dəyən maddi və mənəvi ziyan haqqında danışdı. Qeyd etdi ki, belə bir sərgi ilk dəfə nümayiş olunur. İşğala məruz qalmış şəhər və rayonlarımızın muzeylərinin bir çoxu çətin şəraitə rəğmən Bakıda və ölkəmizin müxtəlif rayonlarında öz fəaliyyətlərini davam etdirirlər. Bildirildi ki, Ermənistan tərəfindən 20 faiz torpaqları işğal olunub, 1 milyondan artıq vətəndaşımız öz doğma torpaqlarından didərgin düşüb. İşğal olunmuş rayon və şəhərlərimizdə 11 dünya əhəmiyyətli, 223 ölkə əhəmiyyətli, 453 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, 100 mindən çox eksponatın saxlanıldığı 22 muzey, 927 kitabxana, 808 klub müəssisəsi, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi və digər mədəniyyət obyektləri vardı. Bütün bu mədəni sərvətlər dağıdılaraq talan edilib.

Nazir müavini vurğuladı ki, erməni təcavüzünün acı nəticələri ilə təkcə vətəndaşlarımız deyil, tarixi mədəniyyət abidələrimiz də üzləşib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün və Natəvanın büstləri də vandalizmə məruz qalıb. İndi həmin büstlər – “Güllələnmiş heykəllər” adı ilə Milli İncəsənət Muzeyində saxlanılır.

Rafiq Bayramov qeyd etdi ki, bütün bunlara baxmayaraq Azərbaycan xalqı haqq və ədalətin zəfər çalacağına inanır: “Biz inanırıq ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunacaq, qaçqınlarımız öz doğma yurd yerlərinə qayıdacaq”.

Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva və başqaları tədbirin əhəmiyyətindən danışdılar. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, bu təcavüzə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyi vurğulandı.

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular. “Bizi yurdumuza qaytarın” adlı sərgidə Kəlbəcər, Xocalı, Ağdam, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Şuşa tarix-diyarşünaslıq muzeylərinin fondlarına məxsus eksponatlar nümayiş olunur.

FARİZ