Dekabrın 18-də metronun “İçərişəhər” stansiyasında Azərbaycan sənətkarlarının əl işlərindən ibarət satış-sərgi keçirildi. Yarmarkanın məqsədi gənc istedadların yaradıcılığını stimullaşdırmaq və əl işlərinin satışına şərait yaratmaqdır.

Sərgi ilə biz də tanış olduq. Bir-birindən maraqlı nümunələr xoş ovqat yaradırdı. Satış-sərgi Yeni il bayramı ərəfəsində əsl hədiyyə məkanı idi. Toxuculuq işləri, zinət əşyaları, keramika üzərində rəsmlər, milli ornamentli bəzək əşyaları...

Burada əl işləri təqdim olunan Aytac Rəhimova ixtisasca rəssamdır, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Müsahibim bildirir ki, evdə yaxınları və dostları üçün aksesuarlar hazırlayıb və bir gün öz şəxsi biznesini qurmaq qərarına gəlib. Artıq 3 ildir ki, əl işlərini “Mücrüm” brendi ilə satışa çıxarır. Onların arasında təbii daşlardan hazırlanmış məmulatlar, milli ornamentli, gözəl naxışlarla süslənmiş bəzək örnəkləri üstünlük təşkil edir.

Yarmarkada xalq tətbiqi sənəti ilə məşğul olan sənətkarlara da rast gəldik. Onlar sərgidə daha çox kiçikölçülü əl işlərinə üstünlük verdiklərini bildirdilər. Turistlər üçün hədiyyəlik sənət nümunələrinə tələbat yüksəkdir.

Sərginin iştirakçısı Nazilə Mustafabəyova bildirir ki, yaratdığı əl işləri əsasən muncuqlardan və qiymətli metal üzərində daşlar olan bəzək əşyalarından ibarətdir. Minalı, firuzə qaşlı sırğalar, bilərziklər maraqla qarşılanır. Satışın səviyyəsi isə mövsümdən asılıdır. Əsasən bayram ərəfələrində satış və sifarişlər çox olur.

Sərgidə dekorativ gül işləmələri, səbətlər və s. də diqqəti çəkir. Mövsümə uyğun, yundan toxunmuş dekorativ ev bəzək əşyaları maraq doğurur. Xanımların bu nümunələri xoş qarşıladıqlarını müşahidə etdik.

Gənc xanımların əl əməyi, göz nuru ilə hazırladıqları sənət nümunələrini əldə edən hər kəs bu yarmarkadan xoş təəssüratla ayrılır. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Sənəm Əliyeva rəfiqələrinə və özünə “Ay daşı” adlanan muncuqlardan bilərzik aldığını bildirir. Digər alıcı Gülşən Xaspoladova isə nəvəsinə rəngli yun saplarla toxunmuş gəlincik alır...

Metronun “İçərişəhər” stansiyasından çıxan paytaxt sakinləri və şəhərimizin qonaqları sərgi-yarmarka ərazisində həm də gözəl musiqiyə qulaq kəsilirdilər...

Lalə AZƏRİ