Yaradıcılıq çətin və məşəqqətli yoldur. Kim bu yolu keçibsə, onun əzabına da qatlaşır. Çünki bu əzabda gələcək bədii uğurların rəhni gizlənir. Xalq yazıçısı, tanınmış nasir, Əməkdar incəsənət xadimi Qılman İlkinin ömür yolu da hamar olmayıb.

XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən olan yazıçı hekayə, povest və romanlarında həyat həqiqətinə sadiq qalmağa çalışıb. Anadan olmasının 105-ci ilində yazıçının ömür yolunu vərəqlədik. 

Qılman İlkin ədəbiyyata hekayə ilə gəlib, arada povestlər, romanlar, kinossenarilər yazsa da, hekayə janrından heç vaxt uzaq düşməyib. Çalışıb ki, qəlbindən keçənləri bu kiçik janrda deyə bilsin. Müəllifin hekayələri olduqca rəngarəngdir. Qılman İlkinin “Küləkqıran”, “Yalquzaq”, “Bir parça səma”, “Qatil” hekayələri bu janrın uğurlu nümunələrindən hesab olunur. İkicildlik “Seçilmiş əsərləri”ndə hekayələri xüsusi yer tutur. Onun əsərlərinin bir çoxu gənclərin həyatına həsr edilib. Tarixi mövzu da yazıçının ədəbi irsində mühüm yer tutur. Romanlarındakı obrazları da təbii və inandırıcıdır. Onların məqsədləri bir olsa da, bu məqsədi, qayəni hər kəs özünəməxsus tərzdə qəbul edir.

Qılman İsabala oğlu Musayev 1914-cü il aprelin 28-də Bakının Mərdəkan kəndində anadan olub. 1936-cı ildə indiki Pedaqoji Universitetin Dil-ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədalı kəndində müəllim kimi başlayıb. Daha sonra “Gənc işçi” qəzetində çalışıb və əsərləri də burada çap olunub.

Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı İkinci Dünya müharibəsi illərində Qafqaz cəbhəsində, habelə İranda hərbi müxbir olub, Təbrizdə nəşr edilən “Vətən yolunda” qəzetinin fəaliyyətə başlamasında mühüm rol oynayıb, həmin redaksiyada çalışıb. O həm də ölkəmizdə ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət göstərib. 60-cı illərdə Qılman İlkin bir müddət “Azərbaycan” jurnalının baş redaktoru olub. Bu o illər idi ki, ədəbiyyatımız özünün yeni, daha mürəkkəb mərhələsinə daxil olurdu. Yazıçı bu jurnalı ədəbi prosesin sürətli yeniləşməsinin əsas sahəsinə çevirmişdi. Bu isə yeni bir ədəbi mərhələnin təşəkkülü üçün çox mühüm amil idi.

Yazıçıya zəngin, qaynar bir ömür yaşamaq qismət olub. O, ömrünün sonunadək qələmi yerə qoymayıb və hər zaman ilhamla, şövqlə yazıb-yaradıb. Onun qələmi daim yaddaşa, tarixə, müasirliyə müraciət edib. Müxtəlif ordenlər, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları və müxtəlif medallarla təltif edilən ədib 2009-cu il noyabrın 6-da Bakıda vəfat edib.

* * *

“Başqalarına etdiyim yaxşılıqları və başqalarının mənə etdiyi pislikləri dərhal unuduram. Çox yaşamaq istəyirsənsə, heç kəsin paxıllığını çəkmə, xeyirxah və təmiz ol”, - deyən Qılman İlkin ədəbiyyatımızda öz naxışı olan qələm sahiblərindəndir. Onun “Qalada üsyan” (1959), “Şimal küləyi” (1962), “Hədiyyə” (1969), “Dağlı məhəlləsi” (1978), “Dəniz qapısı” (1984), “Madam Qədri” (1988), “Bakı və bakılılar” (2006) və başqa kitabları oxucuların rəğbətini qazanıb. Bir romançı kimi nəyə qadir olduğu “Qalada üsyan” əsərində bariz nəzərə çarpır. Romanda hər bir obrazın özünəməxsus səciyyəsi var və oxucunu özünə bağlaya bilir.

Yaradıcılıq aləminə ötən əsrin 40-cı illərində gələn yazıçı hələ tələbəlik illərində maddi çətinlik üzündən natamam qalmış aspirantura təhsili çağlarında qələm çalırdı. Bədii yaradıcılığa həvəsi onu bir müddət “Uşaqgəncnəşr”də baş ədəbi məsləhətçi vəzifəsində işləməyə gətirib çıxarmışdı. Daha çox uşaq yazarı kimi tanınan ədib 60-cı illərdə çoxsaylı əsərləri ilə böyük nəsrin yoluna çıxdı. Yazıçı “Mən Hüseyn Cavid, Cəfər Cabbarlı, Seyid Hüseyn, Cəlil Məmmədquluzadə və onlarca nəhəng ədibin ovcundan su içmişəm” deyirdi. Qılman İlkin çox məhsuldar yazıçıdır. Yaradıcılığı boyu 50-dən çox kitabı işıq üzü görən müəllifin bu nəşrlərdə dörd romanı yer alıb. Digər kitabları isə əsasən povest və hekayələrdən ibarətdir. “Şimal küləyi” əsəri Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. “Bakı və bakılılar” kitabı isə “Humay” milli mükafatı alıb. Yazıçının əsərləri xarici dillərə tərcümə edilərək müxtəlif ölkələrdə nəşr olunub.

O, həmişə öz yaradıcılıq manerasına sadiq qalıb. Müəllifin ədəbi irsi insanları xeyirxahlığa, düzlüyə, cəsarətli olmağa, bir sözlə, cəmiyyət üçün yararlı olmağa səsləyir. Zamanın süzgəcindən keçərək bu gün də oxucu marağına səbəb olan bu irs yazıçını yaddaşlarda əbədi yaşadır. İnsanlar onu daim xoş xatirələrlə yada salır, sənətkarlığını yüksək qiymətləndirirlər. Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi ədibin şəxsiyyətini və yaradıcılığını belə səciyyələndirir: “Qılman İlkinin həm şəxsiyyətində, həm də yaradıcılığındakı ağayanalıq onun ən müsbət cəhətlərindən biri idi. Onun həyata baxışında, dünyagörüşündə zadəganlığı aydın sezmək olurdu. Sovet dövrü nəsrimizdə sözə münasibətin ən böyük nümunələrindən birini də Qılman İlkinin yaradıcılığında görmək olar”.

* * *

Ömrünü yaradıcılığa həsr edən yazıçı təkcə bədii nəsr sahəsində yox, eyni zamanda qələmə aldığı maraqlı kinossenarilərlə də yaddaşlarda qalıb. Onun ssenariləri əsasında “Kölgələr sürünür” (1958), “Yenilməz batalyon” (1965) bədii, eləcə də bir neçə televiziya filmi lentə alınaraq böyük rəğbətlə qarşılanıb. Qılman İlkin öz kinossenarilərində maraqlı, dinamik, gərgin dramatik, konflikt və süjet ustası, bir-birindən fərqlənən tutarlı xarakterlər yaradıcısı kimi diqqəti cəlb edir.

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidməti olan yazıçının fəaliyyəti hər zaman müstəqil dövlətimiz tərəfindən qiymətləndirilib. 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qılman İlkinin 100 illiyi müxtəlif tədbirlərlə qeyd olunub.

Aynurə ƏLİYEVA