Beynəlxalq Muğam Mərkəzində “Nəsimi işığında” adlı ədəbi-musiqili axşam keçirildi. “Nəsimi ili” çərçivəsində mayın 13-də gerçəkləşən konsertdə tanınmış müğənni, Xalq artisti Eyyub Yaqubovun ifasında bir-birindən maraqlı musiqi nömrələri dinləyicilərin könlünü oxşadı.

Gecədə Mikayıl Müşfiq, Hüseyn Cavid və digər şairlərin sözlərinə bəstələnmiş mahnılar, aktyorların musiqilərarası Nəsimi poeziyasından söylədiyi qəzəllər tamaşaçıları öz düşüncələri ilə baş-başa buraxırdı.

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxış etdiyini deyən müğənni bildirdi ki, böyük şair Nəsimi ilə bağlı layihədə işləmək elə də asan deyil: “Bu ədəbi-musiqili gecə mənim ideyam idi və layihənin reallaşmasından çox məmnunam. “Nəsimi ili” çərçivəsində musiqiçi dostlarımızla ərsəyə gətirdiyimiz bu proqramın məqsədi Nəsimi işığında düşüncələrimizi insanlarla bölüşməkdir. Bu gecəni Nəsimi poeziyası üzərində bir aktyorun tamaşası da adlandırmaq olar. Çox sevinirəm ki, bu gün müəyyən dərəcədə Nəsimini duya bilirəm. Bəşəri ideyalara xidmət edən böyük mütəfəkkirin dühasını bölüşmək hər birimizin borcudur. Bilirsiniz ki, muğam sənətinin ustadlarından sayılan, Xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblında uzun müddət çalışmışam. Muğamın ruhuna bələd olduğum üçün özümü bu səhnədə çox rahat hiss edirəm”.

“Külli-zaman içrə saat yarım” təəssüratı ilə tamamlanan konsert proqramında musiqiçilər irfan musiqisi, insan və zaman anlamında tamaşaçılara Nəsiminin qəzəllərində onun hürufi-dərviş və haqq aşiqi obrazları ilə yanaşı, bir də arif şəxsiyyətinin cizgilərini daha qabarıq şəkildə nəzərə çarpdırdılar. Bu konsert həm də Eyyub Yaqubovun klassik ədəbiyyat haqqında bilgisinin nə qədər geniş olduğunu nümayiş etdirdi. Bir sözlə, saat yarım ərzində Nəsimi işığına yığışmış dəvətlilərə agah oldu ki, bu nurda müğənninin də öz payı var.

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində növbəti dəfə Nəsiminin söz ümmanından damlalar səpildi, Azərbaycan musiqisinin möhtəşəmliyi nümayiş olundu. Bu söz, musiqi karvanına qoşulanlar Eyyub Yaqubovla birlikdə hər zaman dinləyicilərin zövqünü oxşayan “Hicaz” ansamblına öz alqışları ilə qarşılıq verdilər.

LALƏ