“Mədəniyyətimizi tarixi kökləri üzərindən yüksəldərək gələcəyə daşımaq vəzifəmizdir”

Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqı Türkiyənin nüfuzlu qurumlarından biridir. Qurum həm də vətəndaş cəmiyyəti (qeyri-hökumət təşkilatı) kimi türkdilli respublikalarla əhəmiyyətli ortaq layihələr gerçəkləşdirir, öz fəaliyyəti ilə türk dünyasına töhfələr verməkdədir. Qurumun baş direktoru Talip Geylanla bu barədə danışdıq.

 

- Talip bəy, öncə oxucularımıza özünüz haqqında məlumat verərdiniz…

- 1993-cü ildə Ankarada Hacettepe Universiteti Ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirmişəm. Məzun olduqdan sonra fəlsəfə müəllimi kimi çalışmışam. 17 il Türk Eğitim-Senin idarə heyətinin üzvü olmuşam. 2018-ci ildə baş direktor vəzifəsinə seçildim. Burada vəzifəm bitdikdən sonra yenidən təhsil müəssisəsinə dönüb öz işimi icra edəcəyəm.

 

- Bu qurumun əsas vəzifələri nədir, qarşısına hansı məqsədləri qoyub?

- Türk Eğitim-Sen 1992-ci ildə qurulub. Missiyamız hökumətimiz qarşısında bir tərəf olaraq işçilərin haqlarını qorumaq, inkişaf etdirməkdir. Bu məqsədlə iki ildən bir hökumətlə toplu şəkildə masaya otururuq, çalışanların istək və tələbləri müzakirə olunur. Hazırda 210 minə yaxın üzvümüz var. Onların  çoxu universitet məzunlarıdır. Bizim bu toplumun gələcəyi adına söz söyləmək məsuliyyətimiz var. Ona görə də haqlı olaraq özümüzü həm də vətəndaş cəmiyyəti hesab edirik. Bu mənada toplumumuzu, dövlətimizi maraqlandıran hər duruma müdaxilə etməyə çalışırıq.

 

- Türk dünyasına daxil olan cümhuriyyətlər, topluluqlarla da birgə fəaliyyətlər gerçəkləşdirirsiniz…

- 1992-ci ildə təşkilatımız qurulanda şüarımız bu oldu: “Türkiyə sevdamız, çörək üçün mübarizəmiz”. İşçinin sosial haqları (çörək, dolanışıq) həmkarlar ittifaqının hər yerdə məşğul olduğu məsələdir. Amma biz bu mübarizənin önünə Türkiyə sevdasını qoymuşuq. Dövlətimiz varsa, millətimiz varsa, biz də varıq. Bunlar olmadıqdan sonra həmkarlar ittifaqı ilə məşğul olmağın bir anlamı yoxdur. Türk dünyasına gəlincə, biz onu Türkiyə ilə birlikdə, bir bütöv olaraq qəbul edirik. Bizim üçün Türkiyə nədirsə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İraq türkləri, Makedoniya türkləri və digər bütün toplumlar odur.

Türk Eğitim-Senin qurulduğu tarixdə türkdilli respublikalar da müstəqilliklərini qazandılar. Biz bu əsasda Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqı (BATHİ) adlı bir qurum yaratdıq. Onun rəhbəri də mənəm. Qurumun Türkiyə ilə bərabər 9 üzvü var. Türk dünyasının mədəniyyətdə, dildə, işdə birliyinin təsis edilməsində qurumumuz önəmli bir məsuliyyəti öz üzərinə götürüb. Ortaq tarix və mədəniyyəti paylaşan xalqlarımız arasında – dil, tarix, inanc və mədəniyyət ən önəmli körpülərdir. Mərhum İsmayıl Qaspıralının “Dildə, fikirdə, əməldə birlik” şüarını ölkələrimiz və quruluşlarımız arasında milli hədəf, ideal olaraq yaşaması yolunda addımlar atırıq. Türk dünyası əsrlər boyunca böyük bir mədəniyyətə sahib olub. Mədəniyyətimizi tarixi kökləri üzərindən yüksəldərək gələcəyə daşımaq vəzifəmizdir. Bu mənada qardaş Azərbaycanın iqtisadi inkişafını mədəni kimliyinə dayanaraq inşa etməyə çalışdığını görürük. Bizlər müəllimik, elm adamlarıyıq və bilirik ki, dil, tarix və inanc olmadan keçmişlə bu günü, bu günümüzlə gələcəyimizi bir araya gətirə bilmərik.  

Biz ildə ən azı bir dəfə bir araya gəlir, işlərimizi müzakirə edirik. Builki toplantımızı 10-16 iyunda  Şimali Kiprdə keçirəcəyik. Bundan başqa, ildə ən azı bir dəfə beynəlxalq elmi konfrans  keçiririk. 2016-cı ildə “Əhməd Yəsəvi ili” çərçivəsində ilk dəfə türk dünyası təhsil elmləri və sosial elmlər simpoziumu düzənlədik. Ötən ilin noyabrında üçüncü belə konfransı Antalyada keçirdik. Bu fəaliyyətlərimizlə türk dünyasına töhfə vermiş oluruq. Çünki biz öz yolumuza türk dünyasının birliyi arzusu ilə çıxmışıq. Amma öncə duyğu birliyi olmalıdır. Siyasi, iqtisadi əlaqələr isə bundan sonra qurulur. Bəzi ölkələrdə, məsələn,  Makedoniyada, İraqda iqtisadi durum yaxşı olmadığına görə tədbirlər keçirmək üçün onlara maliyyə dəstəyi veririk. Amma Qazaxıstan, Qırğızıstan, Azərbaycan kimi ölkələrdə üzv quruluşlarımız özləri öhdəsindən gəlirlər.

 

- Son zamanlar türk dünyası ilə bağlı türkdilli respublikaların da təşəbbüsü ilə qurumlar yaradılır, layihələr gerçəkləşdirilir. Bu proseslə bağlı düşüncələrinizi bilmək istərdik…

- Öncə deyim ki, türkdilli respublikalarda latın əlifbasına keçid prosesinin sürətlənməsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və bütün türk dünyası arasında ünsiyyəti gücləndirərək könül körpülərini sağlamlaşdıracaq. Biz “XXI əsr türk əsri olmalıdır” arzusunun gerçəkləşəcəyinə inanırıq. Çünki tarix buna doğru axır. Amma bu nöqtədə türk dünyasına daxil olan dövlətlərimizin, hökumətlərin görəcəyi tədbirlər bu axının sürətini müəyyən edəcək. Hazırda Türk Şurası bu yöndə lokomotiv vəzifəni həyata keçirir. Biz də Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqı olaraq bu istiqamətdə fəaliyyətlərimizi hər il daha da gücləndirərək yola davam edəcəyik.

Mehparə SULTANOVA
Ankara