Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətlər var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları, əlamət və simvolları ifadə edə bilirlər. Ömrünün 30 ilindən çoxunu bu sənətə həsr etmiş rəssam, Azərbaycanın Rəssamlar İttifaqının, Karikaturaçı Rəssamlar Birliyinin üzvü, beynəlxalq sərgi və müsabiqələrin laureatı Kirman Abdin də belə sənətkarlardandır.

Kirman Manaf oğlu Abdinov 1959-cu ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rəssamlıq fakültəsini tətbiqi qrafika ixtisası üzrə bitirib. 1989-cu ildən respublika və beynəlxalq sərgilərin iştirakçısıdır. 2000-ci ildə Türkiyədə və 2002-ci ildə İranda beynəlxalq sərgilərə qatılaraq uğur qazanıb. Əsasən plakat, karikatura və kitab qrafikası üzrə fəaliyyət göstərən rəssam 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FECO) Azərbaycan qrupunun üzvüdür.

Rəssamla 60 illik yubileyi ərəfəsində görüşüb ömür və sənət yoluna birlikdə nəzər saldıq.

 

- Kirman müəllim, sizdə rəssamlığa maraq necə yarandı?

- Rəssamlığa həvəsim orta məktəbin ibtidai sinfində oxuduğum zaman yaranıb. Sözsüz ki, rəssamlıq sənətini seçməyimin ən böyük səbəbkarlarından biri də böyük qardaşım – Azərbaycanın Əməkdar rəssamı Telman Abdinovdur. Uşaq vaxtlarımdan onun əl işlərinə baxarkən mən də gələcəkdə rəssam olmaq qərarına gəldim. Bu həvəs məni 1976-cı ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumuna gətirib çıxardı. İkinci kursda oxuyarkən hərbi xidmətə yollandım və qayıdıb təhsilimi davam etdirdim. Texnikumu bitirdikdən sonra 1982-ci ildə Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə qəbul olundum. Çünki düşünürdüm ki, bu sahədə ali təhsil almasam, sənətin daha da dərinliklərinə vara bilməyəcəyəm.

 

- Daha çox plakat janrında işləyirsiniz. Bunun xüsusi bir səbəbi varmı?

- Texnikumda oxuyarkən diplom işim bədii plakat olub. Plakat janrının sirlərini ilk dəfə mənə öyrədən müəllimim Əkrəm Həsənzadə olub. Mənim diplom işimə baxanda dedi ki, sən bu janrı gözəl duyursan. Plakat yaradıcılığı o qədər də sadə deyil. Bu janrda əsas iş ideya və təxəyyüldür. Plakat janrında ilk uğurum tələbə olarkən sərgidə iştirak etməyim oldu. “Reyqansayağı estetika” adlı işim sərgidə 3-cü yerə layiq görüldü. Təcrübəli rəssamların iştirak etdiyi bu sərgidə mükafat qazanmağım mənim üçün böyük uğur idi.

 

- Bildiyimə görə, ilk fərdi sərginizi son illərdə açmısınız...

- 2012-ci ilin may ayında Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Əsrlərin yaddaşı – nəsillərin yaddaşı” adlı ilk bədii plakat sərgim açıldı. Sərgidə 50-dək əsərim nümayiş olundu. “Bakı, 20 Yanvar, 1990”, “Yetər parçalanmaq”, “Dünənimdən bu günümə gələn yol”, “Qan yaddaşı”, “Əsrin müqaviləsi”, “Daş olsaydım əriyərdim, torpaq idim dayandım” və s. əsərlərim xüsusi maraqla qarşılandı. Həmin il metronun “20 Yanvar” stansiyasında faciənin (1994-cü ilin 19 martındakı terror hadisəsi – red.) ildönümü ilə bağlı sərgim təşkil edildi. 2016-cı ildə isə Rəssamlar İttifaqının sərgi salonunda Xalq şairi Məmməd Araza həsr etdiyim “İsinsin azacıq bu daş duyğular” adlı üçüncü sərgim keçirildi. Bu sərginin davamı olaraq həmin il Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda da əsərlərim nümayiş olundu.

 

- Məmməd Araz poeziyası yaradıcılığınızda xüsusi yer tutur...

- Böyük şairin hələ sağlığında onun əsərlərinə rəsmlər çəkməyi çox istəmişəm. Amma həmin vaxt məndə istədiyim ideya yaranmadı. Yaradıcılıq toxumu elədir ki, bəzən çox gec cücərir. Məmməd Araz poeziyasının sətiraltı mənaları zəngindir. Nəhayət, 2016-cı ildə Məmməd Araza həsr etdiyim sərgim gerçəkləşdi. Sərgi böyük maraq doğurdu. Sonra şairə həsr etdiyim bütün əsərlərim “Məmməd Araz qrafik albomu” adı altında çap olundu. Bu işlər arasında ən maraqlı nümunə ölməz şairin məşhur şeiri əsasında yaratdığım “Dünya sənin, dünya mənim, dünya heç kimin” triptixidir. Bu əsərdə modern kubizmə yenilik gətirməyə çalışmışam.

 

- Gənc rəssamların yaradıcılığı, sənətə baxışları sizdə nə kimi təəssürat doğurur?

- Hazırda gənclərin çoxu konseptual incəsənətlə məşğul olur və təəssüf ki, əksəriyyətində sənət duyumu ürəkaçan səviyyədə deyil. Hərdən düşünürəm ki, nə yaxşı müəllim deyiləm. Çünki əgər tələbədə sənət duyumu olmasa, onda necə dərs keçərdim? Rəssamlıq üçün təhsil lazımdır. Ancaq istedad, sənət duyumu, bədii təxəyyül yoxdursa, bu sahədə iz qoymaq qeyri-mümkündür.

 

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Bu ilin payızında İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar keçiriləcək sərgiyə hazırlaşıram. Sərgi üçün piroqrafiya (od vasitəsilə ağac və digər materiallar üzərində dekorativ-tətbiqi iş – red.) üsulu ilə 4 yeni əsər işləmişəm. Piroqrafiya ilə işlənən rəsmlər daha uzun müddət qalır. Mən də Nəsimi yaradıcılığına həsr olunan işlərimin uzun zaman qalması üçün məhz bu üsuldan istifadə edirəm.

 

- Kirman müəllim, 60 illik yubileyiniz münasibətilə sizə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

- Çox sağ olun. Mən də “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkürümü bildirir, nailiyyətlər diləyirəm.

Söhbətləşdi: Nurəddin MƏMMƏDLİ