Xristo Stoyçev: “Səhnə əsəri bunun səbəbini tamaşaçıdan soruşmalıdır”

Neçə vaxtdan bəri eşitmişik ki, tanınmış bolqar teatr rejissoru Xristo Stoyçev Bakıdadır. Yəni o, paytaxtımıza daha öncə də səfərlər edib, budəfəki gəlişi isə sırf yaradıcı işbirliyi ilə bağlıdır. Stoyçev Yuğ Dövlət Teatrında V.Şekspirin “III Riçard” pyesi əsasında özünün səhnə redaksiyasında “Lənət” adlı tamaşa qurmaq üçün gəlib.

Dövlət sifarişi ilə hazırlanan tamaşa yeni mövsüm üçün nəzərdə tutulsa da, rejissor səhnə əsərini bu ay təhvil verib ölkəsinə qayıdacaq. Tamaşanın rejissoru Günay Səttar, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva (Bolqarıstan), geyim rəssamı Elnarə Bəkirovadır.

“Lənət” iki heyətdə hazırlanır. Amma bu, bizim alışdığımız kimi, ayrı-ayrı vaxtlarda iki heyətin oynayacağı tamaşa deyil. Bəzi aktyorlar hər iki heyətdə rol alsa da, teatr iki fərqli quruluşda tamaşa qazanmış olacaq. Rolları əməkdar artistlər Sonaxanım Mikayılova, Qasım Nağı, aktyorlar Oktay Mehdiyev, Natəvan Qeybani, Zümrüd Qasımova, Əmrah Hacıyev, Təranə Ocaqverdiyeva, Elgün Həmidov oynayır. Hər iki heyətin, demək olar ki, yekun məşqinə baxdığımız üçün deyə bilərik ki, çox maraqlı tamaşa olacaq.

Bəs qonağımız kimdir? Xristo Stoyçev Bolqarıstanda çox tanınmış sənətkar  ailəsində dünyaya gəlib: atası Stoyçe Stoyçev aktyor-rejissor, anası Blaqorodna Stoyçeva aktrisa olub. Bu gün haqq dünyasında olan valideynlərinin sayəsində uşaqlığı teatrda keçib, ona ürəkdən bağlanıb. Özü deyir ki, teatrda səhnə arxasında qalan bütün işlərdə çalışıb, onun üçün teatrla bağlı qaranlıq sahə yoxdur.

Təhsilinə gəlincə, Sofiya Universitetini bitirib; həm ali rejissor, həm də teatrşünas təhsili alıb. Teatrda çalışmaq, tamaşa qurmaq həvəsi (özü deməsə də, rejissorluq istedadı) nəzəri çalışmaları üstələdiyi üçün rejissorluğu seçib. Azərbaycanlılar Türkiyə türkcəsini bildiyi qədər qonağımız da rus dilinə bələddir. Bu səbəbdən də birbaşa ünsiyyətimizə maneə olmadı. Azərbaycana böyük məhəbbət bəsləyən Xristo yeri düşən kimi “çox sağ ol”, “inşallah” ifadələrini həvəslə işlədir.

 

- Xoş gəlmisiniz, Xristo!

- Çox sağ olun.

 

- Bilirəm ki, sizin Azərbaycan teatrı ilə əvvəllər də işbirliyiniz olub. Amma Yuğ teatrında ilk dəfə  tamaşa qurursunuz. Əsər seçiminiz mənə çox maraqlı gəldi. Adətən dəvətli rejissor ya Azərbaycan teatrında indiyədək səhnə üzü görməmiş əsərə müraciət edir, ya da təmsil etdiyi ölkənin milli dramaturgiyasına. Siz isə Şekspirin “III Riçard”ını seçdiniz. Sizin hər iki heyətlə məşqlərinizə tamaşa etdim və gördüm ki, bu, heç də klassik “III Riçard” deyil. Üstəlik, məşhur pyesin əsasında hazırladığınız “Lənət” tamaşası sanki hansısa silsilənin bir hissəsidir.

- Yəni bu, belə hiss olunur?

 

- Hər halda tamaşaçı lənətlənmiş digər qəhrəmanları da sizin yozumunuzla tanımaq  istəyəcək...

- Bunu düz tapmısınız. Çoxdan istəyirdim ki, Şekspirin üç faciəsini – “III Riçard”, “Hamlet” və “Maqbet”i trilogiya kimi hazırlayım. İnşallah, bu istəyimi Yuğ teatrında gerçəkləşdirə biləcəyəm. 

 

- Çox gözəl olardı... Amma əsər seçiminizin səbəbini demədiniz...

-  İllərdir ki, Azərbaycan böyük ədalətsizlik, amansızlıqla üz-üzədir. Mənim ölkəmin əhalisi bu barədə az bilir. Qarabağ məsələsi, Xocalı soyqırımı barədə düşünəndə ilk növbədə bunlar adama gərgin və mürəkkəb siyasi problem kimi görünür. Eləcə də digər ölkələrdəki, məsələn, Ukraynada, Suriyada baş verənləri götürək... Əslindəsə bütün bunların kökündə lənət durur. Lənətə gələn də insandır, lənətə bais olan da...

 

- Niyə?

- Bilmirəm. Rejissorun, tamaşanın məqsədi sual verməkdir, insanların görə bilmədiyini, görmək istəmədiyini tamaşaçılara göstərmək, onları cavab axtarmağa vadar etməkdir! Şekspir də hələ o vaxt bu sualları “III Riçard”da, o biri dramlarında qoyub.

 

- Maraqlı yanaşmadır.

- Mənim üçün bu məsələ çox vacibdir: mən insanlardan soruşmaq istəyirəm ki, axı, bunlar niyə baş verir? Nə üçün belə oldu? Mənim üçün komediya, yaxud faciəni səhnələşdirməyimin heç fərqi yoxdur. Tamaşaçıya öz quruluşumla məni düşündürən sualı verirəm. Məncə, yaxşı rejissor sual qoymağı bacarmalıdır. 

 

- Tamaşaya baxıb cavab axtararıq...

- Mən nəzərdə tutduğum trilogiya ilə bu sualın cavabını tapmaq istəyirəm: niyə insanlar lənətdən bu qədər asılıdır? Əgər trilogiya üçün niyə Azərbaycan teatrını seçdiyimlə maraqlansanız, bu suala cavabım var...

 

- Yuğ teatrının aktyorlarının hünərinə kimsə şübhə etmir. Bununla belə, ilk dəfə bu kollektivlə qarşılaşan rejissor kimi fikriniz maraqlıdır...

- Həqiqətən də, bu teatrda savadlı, ziyalı aktyorlar var. Bilirsiniz, əcnəbi rejissorla işləmək sənə hər mətləbi öz dilində başa salan, səninlə eyni mədəni mühitdə yetişmiş rejissorla işləməkdən çətindir. Digər tərəfdən, assosiativ teatr onların alışdığı ifa tərzindən bir qədər fərqlidir. Əslində, bu fərqlilik aktyor üçün maraqlıdır. Mən onları çox sevirəm və birgə çalışmaqdan zövq alıram.

 

- Rejissor ki öz aktyorlarını sevdi, deməli, tamaşa alınacaq.

- İnşallah! Amma hər rejissorun da öz dəst-xətti var, onunla uyğunlaşmaq bir qədər çətindir.

 

- Siz Sofiyada hansı teatrda çalışırsınız?

- “Göz yaşı və gülüş” teatrında.

 

- Nə maraqlı adı var? O dəqiqə məşhur teatr maskaları gözümün qarşısına gəldi...

- Elə özü də maraqlıdır. Əvvəllər dövlətin balansında olub, indisə kommersiya müəssisəsidir. Bilirsiniz, dünyada dotasiyasız, öz hesabına yaşayan teatr azdır və “Göz yaşı və gülüş” də həmin tək-tük teatrlardan biridir. Dünyanın ən böyük mimlərindən biri, aktyor, rejissor Velyo Qoranov bizim teatrda çalışır. Teatrın iki səhnəsi var: böyük səhnə və kiçik səhnə. Bu da bizə texniki cəhətdən müxtəlif quruluşları gerçəkləşdirmək imkanı verir. Dəvət etdiyimiz rejissorlar həvəslə bizim teatrda çalışırlar.

 

- Xristo, təəssüf ki, biz azərbaycanlılar, əsasən də yaşlı və orta nəsil üçün bolqar mədəniyyəti televiziya ilə izlədiyimiz “Qızıl Orfey” mahnı müsabiqəsindən, bir neçə bolqar estrada müğənnisini tanımaq həddindən o tərəfə keçməyib...

- Elə Bolqarıstanda da belədir. Azərbaycan musiqisi, muğam barədə bir qədər bildikləri var. Elə buna görə də düşünürəm ki, Yuğ teatrının direktoru, mənim köhnə dostum İslam Həsənovla bizim teatrlar arasında qurduğumuz bu əlaqə həm də ölkələrimizin mədəni əməkdaşlığına təkan verəcək. Mən bu dəvətə görə  Azərbaycanın Bolqarıstandakı səfirliyinə, Mədəniyyət Nazirliyinə, şəxsən nazir Əbülfəs Qarayevə minnətdaram.

İllər öncə, Lənkəran teatrında tamaşa qurmuşdum. Mən Lənkəranı və Lənkəran teatrını çox sevirəm. İslam Həsənovla dostluğumuz da o zamandan başlayıb. İndi də Bakıda, Yuğ teatrındayam. Deməli, artıq teatr münasibətlərimizdə irəliləyiş var...

 

- Bildiyim qədər, bizim Akademik Milli Dram Teatrı da Bolqarıstanın İvan Vazov adına Milli Teatrı ilə yaradıcılıq ünsiyyətinə başlayıb. Üstəlik, inişil bizim akademik  teatrın “İuda” monotamaşası Varna festivalında mükafat qazanmışdı. Azərbaycanda da beynəlxalq teatr festivalları var: biri Şəkidə, biri də sizin çox sevdiyiniz Lənkəranda keçirilir. Lənkəranda hələlik birinci festival təzəlikcə baş tutub, amma Şəki festivalı artıq üç dəfə keçirilib. Biz sizin teatrı da həmin festivallarda maraqla seyr edərdik...

- Əlbəttə, festivala gəlmək də, teatrda da tamaşa qoymaq olar. Amma bizim arzularımız böyükdür.

 

- Məsələn...

- Bakıda Axundov bağının həndəvərində yaşayıram. Hər gün mərkəzi küçələrdən keçib teatra gələndə yolumun üstündə Polşa Mədəniyyət Mərkəzini görürəm. Axı, niyə Bakıda Bolqarıstan, Sofiyada da Azərbaycan mədəniyyət mərkəzi olmasın? Mən də, həyat yoldaşım Natella xanım da çox istəyirik ki, Sofiyada belə bir mədəni mərkəz açılsın...

 

- Bilirsiniz, Xristo, Azərbaycan və Polşa xalqları arasında mədəni əlaqələr dünən yaranmayıb. Təxminən yüz əlli ildir ki, polyaklar Azərbaycanda məskunlaşıblar, Azərbaycan mədəniyyətinə töhfə veriblər... Əlbəttə, çox yaxşı münasibətlərimizin olduğu Bolqarıstan ilə də mədəni əlaqələrimiz inkişaf edir. Yəqin gələcəkdə belə mərkəzlər Bakıda və Sofiyada da açılar...

- Mən sübut edərəm ki, Azərbaycan-Bolqarıstan münasibətlərinin tarixi lap qədimdir! Bolqar xalqının yaranması, formalaşması Azərbaycan xalqı ilə bağlıdır. Bolqar xalqı Kubrat xanın (bulqar tayfasının hökmdarı) törəmələrindən formalaşıb. Bizim xalqlarımızın adət-ənənəsində, mətbəxində, hətta dekorativ-tətbiqi sənətdə istifadə etdiyi naxışlarda yaxınlıq çoxdur. Torpaqlarımızı min kilometrlər ayırırsa, bu oxşarlıq haradandır? Deməli, bu doğmalıq kökdən gəlir...

 

- Səhv eləmirəmsə, bolqarlar da bizim kimi xalça toxuyurlar, təxminən eyni xalça çeşnilərindən istifadə edirlər...

- Görürsünüz?! Belə oxşarlıqlar çoxdur.

 

- Xristo, sizdən bir məsələni də soruşum: Azərbaycana bu qədər məhəbbətiniz sizə bizim qızımızı sevdirdi, yoxsa azərbaycanlı xanımı sevəndən sonra vətənimizə məhəbbətiniz bu qədər artdı?

- Deyəsən, hər ikisi eyni vaxtda baş verib. Həyat yoldaşım savadlı, hərtərəfli ziyalı xanımdır, beş dil bilir, geniş dünyagörüşü var. İllərdir ki, mən özümü yarıazərbaycanlı sayıram. Digər tərəfdən, heç istəmərəm ki, mənim üçün desinlər ki, Bolqarıstandan bir rejissor gəlmişdi, iyirmi gün ərzində başdansovdu bir tamaşa hazırladı, qonorarını alıb getdi. Buna görə Azərbaycanda çalışmaq mənim üçün həm zövq, həm də məsuliyyət məsələsidir.

Gülcahan MİRMƏMMƏD