Xəbər verdiyimiz kimi, bu yaxınlarda Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik olundu. “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə iki yeni abidə daxil edildi.

Həmin abidələr S.Rüstəm küçəsi 10 ünvanında yerləşən, 1913-cü ildə inşa olunmuş ibadət evi və R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məsciddir.

Bakının mərkəzində yerləşən və uzun müddət “gizli qalmış” məscid vaxtilə el arasında “Tatar mədrəsəsi” kimi tanınıb. Bu bina ilk olaraq mədrəsə kimi fəaliyyətə başlayıb. Sovet dövründə dinin sıxışdırılması nəticəsində mədrəsə fəaliyyətini dayandırıb, binada uşaq bağçası açılıb. Burada 1934-cü ildən 2011-ci ilə qədər 52 saylı uşaq bağçası fəaliyyət göstərib. Bina qəzalı vəziyyətə düşdüyündən bağça köçürülüb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, ərazidə təmir-bərpa işləri aparılan zaman orada tarixi məscidin olduğu üzə çıxıb. Binanın XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur.

Tikili aşkar olunduqdan sonra AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Dövlət Xidmətinin müraciəti ilə əraziyə baxış keçirib və onun dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salınması üçün müsbət rəy verilib. Normativ qaydalara uyğun olaraq bina daha sonra Nazirlər Kabinetinin qərarı ilə həmin siyahıya salınıb.

Qeyd edək ki, ərazidə aparılan abadlıq işləri zamanı aşkar olunan məscid-mədrəsə binası uzun illər digər tikililər arasında “gizli qalıb” və unudulub. Buna əsas səbəb repressiya illərində məscidin günbəzinin sökülməsi və tavanında əlavə tikinti işlərinin aparılması olub. Həmçinin tavanı saxlayan və üzəri Quran ayələri ilə yazılı olan dirəklərin üzəri isə suvaq qatı ilə örtülüb. Hazırda mütəxəssislərin iştirakı ilə abidənin yazılı daşları, dirəkləri, həmçinin daxili divarları suvaq qatından təmizlənib.

Dövlət Xidmətindən onu da bildiriblər ki, yaxın zamanlarda məsciddə təmir-bərpa işlərinin başlanılması nəzərdə tutulur.