Professor Asif Hacıyevin kitabları “Amazon”da satışa çıxarılıb

Azərbaycan Universitetinin professoru, tanınmış türkoloq, ədəbiyyatşünas Asif Hacıyevin Türkiyədə nəşr edilmiş “Ahıska türk folkloru” və “Rus ədəbiyyatında Qurani-Kərim” kitabları beynəlxalq amazon.com saytı vasitəsilə elektron satışa çıxarılıb.

Universitetdən bildirilib ki, Atatürk Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan “Ahıska türk folkloru” və “Şərq Kitabxana Yayımları”nın türk dilinə tərcümə edərək çap etdiyi “Rus ədəbiyyatında Qurani-Kərim” kitabları bu mövzulara həsr olunmuş ilk elmi əsərlər kimi Türkiyədə və digər ölkələrdə böyük maraqla qarşılanıb. Ahıska türklərinin folkloru və mifologiyası, etnik mədəniyyəti və tarixinin tədqiqi ilə ötən əsrin 80-ci illərindən məşğul olan Asif Hacıyev bu mövzuda Azərbaycanda və xarici ölkələrdə çap olunmuş kitabların və məqalələrin müəllifidir.

Asif Hacıyevin daha əvvəl Azərbaycanda nəşr olunmuş “Rus ədəbiyyatında Qurani-Kərim” kitabı türk dilinə tərcümə edilərək böyük tirajla çap olunub. Monoqrafiya Türkiyə elmi ictimaiyyətinin, təhsil müəssisələrinin diqqətini cəlb edib. Kayseri şəhərində yerləşən Erciyes Universiteti alimi təhsil ocağına dəvət edərək bu kitabın təqdimat mərasimini keçirib.

Professor Asif Hacıyev universitetdə monoqrafiyanın mövzusu üzrə mühazirə ilə çıxış edib.

Filoloq, tarixçi, etnoqraf, ilahiyyatçı, mədəniyyətşünas mütəxəssis və tələbələr üçün dəyərli məxəz olan hər iki kitabın Türkiyə nəşrlərinin amazon.com tərəfindən satışa çıxarılması azərbaycanlı alimin araşdırmalarına və bütövlükdə ölkəmizdə aparılan humanitar tədqiqatlara beynəlxalq miqyasda elmi marağın göstəricisidir.