Ankaranın Keçiörən rayonu (ilçə) eyni zamanda Türkiyədə ən çox əhali yaşayan şəhər rayonlarından hesab olunur. Hazırda əhalisi 900 min nəfərdən çoxdur. Keçiörən Azərbaycanda kifayət qədər tanınan yerdir. Burada ölkəmizlə, tariximizlə, görkəmli şəxsiyyətlərimizlə bağlı parklar var. Keçiörəndə düzənlənən mədəniyyət festivallarında, Ramazan gecələrində bizim sənətçilərimiz fəal iştirak edirlər.

Rayonun bələdiyyə başqanı Turqut Altınokun isə Azərbaycanla xüsusi bağlılığı müstəqilliyimizin ilk illərinə dayanır.

 

- Turqut bəy, Azərbaycanda sizi tanıyanların sayı az deyil. Lakin bir qədər geniş təqdimat üçün özünüzlə bağlı oxucularımıza məlumat verərdiniz...

- 1962-ci ildə Ankarada anadan olmuşam və ilk təhsilimi də elə Keçiörəndə almışam. Ali təhsilə isə hüquq ixtisası üzrə Azərbaycanın paytaxtı Bakıda yiyələndim. Gənc yaşlarımdan Ülkü Ocaqlarında çalışmışam. Milliyyətçi Hərəkat Partiyasının baş katibi olmuşam. 1994-cü ildə həmin partiyadan ilk dəfə Keçiörən bələdiyyə başqanı seçildim. Artıq bu mənim 4-cü bələdiyyə başqanlığı dönəmimdir.

 

- Ali təhsili Bakıda almısınız. Müstəqilliyimizin ilk ilində Azərbaycana gəlmisiniz. Demək olarmı ki, Azərbaycan həyatınızda xüsusi yerə sahibdir?

- 1997-ci ildə Türkiyənin Azərbaycandakı səfirinin təklifi ilə Azərbaycanda hüquq təhsili almağa getdim. Sözsüz ki, Azərbaycan həyatımızda fərqli bir yerə sahibdir. Bütövlükdə Türkiyə Cümhuriyyətinin yanında Azərbaycan dövlətinin və Azərbaycan türklərinin ayrı bir yeri var. Biz Keçiörən Bələdiyyəsi məclisi olaraq 1990-cı ildə ilk dəfə ermənilərin Qarabağda Azərbaycan türklərini soyqırımına məruz qoyması barədə qərar qəbul etdik. Necə deyərlər, Azərbaycanın acısı acımız, sevinci sevincimizdir. İnşallah, bir gün yenə  Qarabağda Azərbaycan bayrağı dalğalanacaq. Qarabağ Azərbaycanın əzəli torpağıdır. Türkiyə ilə Azərbaycan qardaşdır. İlk dəfə Azərbaycana 1991-ci ildə Millətçi Hərəkat Partiyasının nümayəndəsi olaraq getdim. Azərbaycanın o dönəminə şahid olanlardan biriyəm. Bakıdan başqa, Yevlax, Şamaxı, Tovuz, Mingəçevirdə olmuşam. Tovuzda bir Şəms adlı ozan vardı, gözəl söhbətlər edərdi. İlk dəfə gedərkən Xəzər dənizinə girdim və əlimi göyə qaldırıb dedim ki, Allah bizə bu günü nəsib etdi və biz Xəzər dənizindəyik. Türkiyə ilə Azərbaycanın münasibətləri Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu yana daim yüksək səviyyədədir. Hazırda bu münasibətlər bütün dünyaya dövlətlərarası dostluq və qardaşlığın örnəyidir. Keçiörən Bələdiyyəsi də bu qardaşlıq münasibətlərinə öz töhfəsini verməyə çalışır. Bu günə qədər Azərbaycana 38 dəfə səfər etmişəm. Sumqayıt Bələdiyyəsinin dəvəti ilə bu yaxınlarda yenə də Azərbaycana gedəcəyəm.

 

- Son dövrlər türk dünyasının inkişafı, möhkəmlənməsi baxımından səylər göstərilir. Türk Şurasının Bakıda keçirilən axırıncı toplantısında da mühüm qərarlar qəbul edildi...

- Biz artıq bir millət, altı dövlətik. Türk dünyasını inkişaf etdirmək lazımdır. İsmayıl Qaspıralının söylədiyi “Dildə, işdə, fikirdə işbirliyi” fikrini inkişaf etdirmək və tətbiq etmək lazımdır. Əgər qardaşlar bu birliyi qoruyub saxlaya bilsələr, gələcəkləri çox güvənli olar. Dildə, işdə, fikirdə işbirliyinin içərisini iqtisadi baxımdan da doldura bilsək, bu ölkələrin insanlarının ciddi şəkildə həyat standartları yüksələr və daha xoşbəxt yaşayarlar. Bu mənada Türkiyə öz təcrübəsini qardaş ölkələrlə bölüşür və bölüşməkdə də davam edir. Azərbaycana gəlincə, qardaş dövlətimiz müstəqilliyinin ilk illərindən türk dünyası ilə bağlı tədbirlərdə hər zaman fəaldır, müxtəlif toplantılara ev sahibliyi edir. Həmin tədbirlərin bir qismində mən də iştirak etmişəm.

 

- Keçiörən rayonu da Azərbaycan üçün xüsusi yerə sahibdir. Məsələn, məhz sizin də təşəbbüsünüzlə burada Azərbaycanla bağlı parklar yaradılıb. Bu istiqamətdə fəaliyyətləriniz davam edəcəkmi?

- Keçiörəndə Azərbaycan parkı, Zərifə Əliyeva parkı, Əbülfəz Elçibəy parkı, Xocalı soyqırımı ilə bağlı park və abidə var. Öncə deyim ki, bələdiyyə binasının önündəki meydanı “Türk dünyası şəhər meydanı”na çevirəcəyik və bir sıra abidələri də həmin meydana yerləşdirəcəyik. Azərbaycanın Türkiyədəki səfiri ilə görüşüb razılaşma əsasında Xocalı soyqırımı qurbanlarına həsr edilən abidəni həmin meydana gətirməyi planlaşdırırıq. Öncə Xocalı abidəsi Keçiörən rayonundakı Esterqon qalasının yanında idi. Sonra onu Ətlik məhəlləsində yerləşdirdik. İndi isə mərkəzə gətirmək istəyirik. Eyni zamanda Manas heykəli də bu meydanda yer alacaq. Bələdiyyə binasının yanında Bəxtiyar Vahabzadəyə həsr edilən park salmışıq. Mənə Azərbaycanın və türk dünyasının böyük şairi ilə görüşüb söhbət etmək nəsib olub. Türkiyəyə gələrkən görüşdük, öz dilindən şeirini dinlədim. Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə kimi şəxsiyyətlər türk dünyasının ulu çinarlarıdır. Azərbaycanın 38 bələdiyyəsi bizim qardaşımızdır. Düşünürəm ki, əlaqələrimiz bundan sonra daha da genişlənəcək və güclənəcək.

 

- Türk dünyasında ümumi əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Fəaliyyətimizdə bütün qardaş dövlət və toplumlara yer veririk. Bizim burada qurduğumuz bir təməl və mərkəz var. Tuva, Çuvaşiya, Başqırdıstan, Altaylar, Sibir, Balkanlar, Qərbi Avropa, Yaxın və Orta Şərqdən Türkiyəyə gələn türklər mütləq bizi ziyarət edirlər. Yəni bələdiyyəmizin türk dünyası ilə əlaqəsi var və davam edəcək. Türk dünyasını bir araya gətirmək üçün bir sıra qurumlar yaradılıb. 

Lakin təkcə bu qurumlar deyil, universitetlər, bələdiyyələr, mətbuat, televiziya, ticarət və sənaye palataları daxil olmaqla dövlətimizin bütün qurumları ana çərçivəsində həm də türk dünyasına aiddir. Düşünürəm ki, daha sürətli bir inteqrasiyaya, işbirliyinə ehtiyac var. Bütün bunlar gələcəyimiz üçün lazımdır.

Türk Şurasının Bakıdakı son zirvə görüşü də bu baxımdan çox əlamətdar oldu. Özbəkistanın Türk Şurasına qəbul edilməsi mühüm hadisədir. Mən bu hadisəni qardaşlarından uzaq duran qardaşın təkrar onlarla bir araya gəlməsi kimi dəyərləndirirəm. Qazaxıstan da latın əlifbasına keçdi. Nazarbayev daha əvvəldən ortaq türk dili ideyasını irəli sürür. Türk dünyası qurultaylarına, Türk Şurasına, türk dilinin təbliğatına onun böyük yardımı var. Məncə, Özbəkistanın da Türk Şurasına daxil olması nəticəsində bu birliyin sürətlə hərəkət etməsi lazımdır.

 

- Keçiörən Bələdiyyəsinin davamlı əməkdaşlıq etdiyi qurumlardan biri də TÜRKSOY-dur. Bu işbirliyi çərçivəsində düzənlənən festivallarda Azərbaycan sənətçiləri də yer alır. Bu barədə nə deyə bilərsiniz?

- TÜRKSOY-la sıx işbirliyimiz var və davam edəcək. Məsələn, bir neçə ay öncə Kabardin-Balkar şairi Qaysın Quliyevin adına parkın və onun heykəlinin açılışını keçirdik. Çingiz Aytmatov parkının içərisində isə büstünü hazırlayırıq və böyük yazıçının doğum günündə, 12 dekabrda açılış mərasimi olacaq. TÜRKSOY-la işbirliyi çərçivəsində hər il Ramazan gecələri təşkil olunur. Bu tədbirlərə, Azərbaycan da daxil olmaqla, bütün türk dünyasından sənətçilər dəvət edilir. Bu ənənə bu il də davam etdi. Azərbaycanın görkəmli səs sənətçisi Azərinin ifasında düzənlənən konsert möhtəşəm keçdi. Azərbaycanın digər sənətçiləri də mədəniyyət proqramlarında fəal iştirak edib və unudulmaz ifaları ilə yadda qalıblar. Bu əməkdaşlıq gələcəkdə də davam edəcək.

Eyni zamanda gələn ilin aprel ayında Türk Dünyası Parlamentarlar Vəqfi və iş adamları ilə birlikdə bir layihənin gerçəkləşdirilməsini də planlayırıq. Qardaş ölkələrdən 30 iş adamı dəvət ediləcək, onlar texnoloji transfer, iş müqavilələrinin necə olması ilə bağlı məruzə edəcəklər, biz də bələdiyyə olaraq bu tədbirə ev sahibliyi edəcəyik.

Mehparə SULTANOVA
Ankara