Rəssam Zöhrab Dadaşov 1963-cü ildə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkidə dünyaya göz açmışdır. Uşaq yaşlarından doğulub boya-başa çatdığı torpağın ecazkar gözəlliyi, təkrarolunmaz təbiəti onda yaratmaq həvəsi oyatmışdır.

Bu istək onu Bakıya – Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirir. Burada xalq rəssamları Mikayıl Abdullayev və Böyükağa Mirzəzadədən dərs alır, 1982-ci ildə məktəbi bitirir. 1990-cı ildə ali təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində başa vuran Zöhrab müəllim özünü təsdiq etmək üçün yaradıcılıq axtarışlarına başlayır.

Ümumiyyətlə, yaradıcılıq özü bir eksperimentdir. Rəssam da daim axtarışda olmalıdır. Bu baxımdan Zöhrab Dadaşovun ilk fərdi sərgisi də simvolik xarakter daşıyırdı. 1991-ci ildə Bakıda təşkil olunmuş “Yeddinci qat” adlı sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti qrafik işlər idi. Bu əsərlərdən çıxış edərək belə bir nəticəyə gəlmək mümkündür ki, rəssam insan varlığının möcüzələr yaratmaq gücünün sehrindədir. Hind fəlsəfəsi və bəzi oxşar Asiya mədəniyyətlərində çakra (sanskrit dilində) insan bədənində mövcud olan metafiziki və ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir. Bu fəlsəfəyə görə, insanın başının üstündə müsbət bir axın, onurğa sümüyünün altında isə mənfi bir axın vardır. Bu iki “qütb” arasında dövr edən elektrik gücü “həyat”dır. Bu enerji mərkəzləri güclü elektrik sahələri olduğundan gözlə görülə bilməz. Çakralardan buraxılan enerji insanın ətrafında işıqsaçan, adı gözlə görünməyən energetik sahə formalaşdırmaqdadır. Bütün bu energetikanın, bu fəlsəfənin dərinliyini öz tablolarına yansıdan Zöhrab Dadaşovun ilk fərdi sərgisi böyük marağa və səs-küyə səbəb olmuşdu.

1992-96-cı illərdə Zöhrab Dadaşov “Nizami” kinoteatrında da rəssam kimi fəaliyyət göstərmiş, bir çox filmlərin afişa və reklamlarının tərtibatçısı olmuşdur. Çoxlarının heyranlıqla baxıb keçdiyi o afişaların müəllifinin Zöhrab müəllim olduğunu bilənlər yəqin ki, az saydadır.

Qafqazda XVIII əsrin saray memarlığının ən gözəl nümunələrindən hesab edilən Şəki Xan sarayı həm də İslam Şərqinin memarlıq incilərindəndir. İnşa edildiyi dövrdən sonra bina dəfələrlə təmir və yenidənqurma işlərinə məruz qalsa da, bu işlər onun xarici görünüşünə o qədər də ciddi təsir etməmişdir. 2002-ci ildə “Mədəni irsin mühafizəsi” layihəsi çərçivəsində sarayda bərpa işlərinə start veriləndə Zöhrab Dadaşov da bu məsuliyyətli işdə iştirak etmək üçün təklif alır. Doğulduğu torpağın tarixi abidəsinin bərpasında onun da əməyi, alın təri və böyük zəhməti vardır. Şəki Xan sarayının birinci mərtəbəsində “yük yeri” deyilən hissəsində bərpa işləri aparan rəssam 6 ay alman mütəxəssisləri ilə birgə çalışaraq sarayın rəsmləri üçün spesifik olan qızılı rəngin çalarlarından – orijinaldan qalmış rənglərdən çıxış edərək rəngləri boğa-boğa paslı köhnəlik effekti yaradaraq divarın tökülmüş hissəciklərinin bərpasını uğurla başa çatdırmışdır.

Zöhrab Dadaşovun yaradıcılığında portret janrı mühüm yer tutur. Portret janrının əsas obyekti insandır. Ən gözəl və mükəmməl portret yaratmaq üçün sadəcə insanı müşahidə etmək kifayət deyil. Onun daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Zöhrab müəllim bir-birindən fərqli obrazlar – müxtəlif əmək adamlarının, tarixi şəxsiyyətlərin portretlərini yaratmışdır. Çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazın daxili aləminə, mənəvi dünyasına nüfuz etməsini açıq-aydın görmək olur. Rəssam kətanda rəngləri elə mükəmməl oynadır ki, zövq almamaq qeyri-mümkündür.

Tanınmış portret ustasının məşhur əsərlərindən biri VII əsrdə yaşamış alban şairi Dəvdəkin portretidir. Çox təəssüflər ki, şairin yaradıcılığından dövrümüzə yalnız Qafqaz Albaniyasının hökmdarı Cavanşirin ölümünə həsr etdiyi elegiya gəlib çatmışdır. Portreti bir şəxsin xarakteristik özəlliklərini, xarici görünüşünü gələcək nəsillərə ötürən bir miras kimi düşünsək, Zöhrab Dadaşov şairin portretini uğurla kətan üzərinə köçürmüşdür. Portretə baxdıqda cəsur, üsyankar ruhlu şairi görürük. O, sanki zəmanəsinə üzünü çevirərək şikayətlənərkən yaşadığı dövrün ağır və çətin tələblərinin onu yorduğunu və incitdiyini simasında aydın görmək mümkündür. Portret ustası şairin gərgin üz cizgilərini, yorğun və savaşçı ruhunu, uzaqlara baxan gözlərini ustalıqla işləyib. Heç zaman yazmaqdan, yaratmaqdan əl çəkməyən şairin sağ əlində mərsiyələri vardır. Əynindəki libası isə arxa fonun sakit və hüzur verən rəngi ilə təzaddır. Onun qırmızı rəngi seçməsi isə heç də təsadüfi deyil – şairin ədalətsizliklərə, zülmlərə rəğmən həyat eşqi ilə yaratmaq ruhu ilə yaşamasıdır.

Zöhrab müəllim bir çox tarixi şəxsiyyətlərin portretlərinin müəllifidir. Hazırda Əmir Teymurun portreti üzərində işləyir. Onun Teymurilər dövlətinin banisinə xüsusi rəğbəti vardır. O, böyük şəxsiyyət haqqında özü də araşdırmalar aparır və Əmir Teymurun məşhur arxeoloq və antropoloq M.Gerasimovun rəhbərliyi altında 1941-ci ildə Qur-Əmir məqbərəsindən çıxarılmış sümüklərə əsasən yaradılmış portretindəki təsvirdən çıxış etmək qənaətinə gəlir. Zöhrab Dadaşov əsərini hələ tamamlamasa da, portret ilk baxışdan bizi özünə məftun edir. Teymurləngin cəngavər, siyasətçi və uzaqgörən obrazını yaratmağa nail olan rəssam müxtəlif rəng çalarlarından istifadə edərək əsərə dekorativlik gətirmişdir. Üz cizgilərinə nəzər salsaq, zəhmli baxışların sanki düşmənə tuşlandığını görərik. O, emosional deyil, çox heybətli, təmkinli və özündən əmindir. Bu əminlik düşmənlərinə qorxu və narahatlıq təlqin etməyindədir. Sanki hər an qüvvətlə gurlayan səsi ilə döyüş əmrini verəcək və müharibə başlayacaqdır. Üzəri damğalı dəbilqə, kirəmit rəngdə zireh, hökmdara xas olan libası və qiymətli silahlar... Hər bir xırda nüans kompozisiyanın təsir gücünü artırmaqdadır.

Onu da qeyd edək ki, Zöhrab Dadaşovun bir çox əsərləri şəxsi kolleksiyalarda saxlanılır.

Könül VƏLİYEVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı