Mədəniyyət insanların siyasi və estetik baxışlarından, dini mənsubiyyətindən və dövlət sərhədlərindən asılı olmayaraq onları birləşdirir. Bu günlərdə (14-16 noyabr) keçirilən VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda 96 ölkədən mədəniyyət işçiləri bir araya gəlmişdi. Qeyd edək ki, 2020-ci ildə Azərbaycan bu mötəbər tədbirdə fəxri “qonaq ölkə” statusunda iştirak edəcək.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya AZƏRTAC-ın müxbiri ilə söhbətində ənənələr və müasirlik, incəsənətin xalqlar arasında münasibətlərə təsiri barədə danışıb.

- Qloballaşma bir tərəfdən dövlətləri birləşdirir, lakin, eyni zamanda o, ölkələrin mədəni bənzərsizliyini azaldır, yeni texnologiyaların geniş yayılması isə ənənəvi dəyərlərin tədricən aradan qaldırılması prosesinin katalizatoruna çevrilir. Buna görə də mədəniyyət xadimləri həm ənənələrin və yaradıcı eksperiment hüququnun və ya yaradıcılıqda avanqard ilə klassikanın tarazlığının qorunub saxlanması kimi əbədi problemlər, həm də milli və etnomədəni identikliyi qoruyub saxlamaqla bütün dünya üçün açıqlığın uzlaşdırılması məsələləri üzərində düşünürlər. Bunu edə biləcək insanlar azdır. Ona görə də keçmişin irsi ilə bugünkü innovasiyalar arasında tarazlığı qoruyub saxlaya bilən ayrı-ayrı yaradıcı insanların və bütöv ölkələrin təcrübəsi çox əhəmiyyətlidir. Deyə bilərəm ki, Azərbaycan belə uğurlu nümunələrdən biridir.

 

- Sizin fikrinizcə, nə üçün məhz Azərbaycan ənənələrlə müasirliyin bu cür ahəngdar şəkildə qovuşmasına nail ola bilib?

- Məncə, səbəb budur ki, Şərq ilə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşən Azərbaycan ta qədim dövrlərdən bütün etnosların, dinlərin və mədəniyyətlərin sərbəst inkişaf etməsinə imkan verib. Buna görə Azərbaycan torpağında mədəni ənənələri qoruyub saxlamaq və bərabər şərtlərlə mədəniyyətlərarası dialoq aparmaq istəyi qalır. Xatırlamaq yerinə düşər ki, 2008-ci ildə Azərbaycan dünya ölkələrinin mədəniyyət nazirlərini və dövlətlərarası təşkilatları sivilizasiyalar dialoquna qoşulmağa dəvət etdi. 2011-ci ildən başlayaraq Bakıda beynəlxalq humanitar forum keçirilir və bütün bunlar Azərbaycanın dünya mədəniyyətinə sanballı töhfəsi olub. Azərbaycan həm də öz mədəni dəyərlərinin qorunub saxlanması siyasətində dünyaya nümunə göstərir.

 

- Bununla bərabər, son illərdə texnologiyalar insanın mədəniyyət və incəsənət sahəsi ilə qarşılıqlı təsirini əsaslı şəkildə dəyişdirib?

- Əlbəttə, internet mədəni sahədə qarşılıqlı mübadiləni sadələşdirib: bu gün çoxsaylı elektron məkanlarda kulturoloqların mühazirələrini dinləmək, teatr tamaşalarının videoyazılarına baxmaq və dünyanın ən yaxşı muzeylərinin kolleksiyaları ilə tanış olmaq mümkündür. Bütün bunlar yeni və sərbəst mədəni seçim imkanları deməkdir, lakin hesab edirəm ki, hər hansı texnoloji yeniliklər incəsənət əsərləri ilə sıx təmasda olmaq üçün canlı musiqi və şəkil qalereyaları qədər geniş imkan vermir. Sankt-Peterburq Forumunda Azərbaycandan YARAT Müasir İncəsənət Mərkəzinin nümayəndələri də çıxış etdilər. Bu gənclər müasir Azərbaycan rəssamlarını dəstəkləməklə və onların yaradıcılığını populyarlaşdırmaqla mədəniyyətə öz töhfələrini verirlər.

 

- Forumun proqramında “Arşın mal alan” filminin bərpa olunmuş versiyasının nümayişi yer almışdı. Sizcə, Rusiya ilə Azərbaycan arasında mədəni mübadilə üçün bunun əhəmiyyəti nədən ibarətdir?

- Tarix bəzən əlamətdar təkrarlar üçün seçim edir. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli özünün “Arşın mal alan” operettasını məhz 1913-cü ildə, Sankt-Peterburq Konservatoriyasında oxuduğu vaxt yazıb. 1945-ci ildə bu operetta əsasında çəkilmiş film dünyanın 136 ölkəsində nümayiş etdirilib. uzun illərdən sonra həmin kinolent operettanın yaradıldığı şəhərdə nümayiş etdirilir. Məgər bu təəccüblü deyilmi? Ölkələrimiz arasında mədəni əlaqələr təkcə bu hadisə ilə əlamətdar deyil. Axı, bu forum, obrazlı şəkildə desək, əsl mədəni məhsullar yarmarkasına çevrildi, forum çərçivəsində 90-dan çox saziş imzalandı.

 

- Rusiyanın teatr tamaşalarının videoyazılarının Azərbaycana verilməsi haqqında protokol da həmçinin...

- Əlbəttə. 2019-cu il Rusiyada “Teatr ili” olduğuna görə bu cür video yazılar Azərbaycanın estafeti qəbul etməsinə və teatr sahəsində əməkdaşlığımızı genişləndirməyə imkan verəcək. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova forumun kuluarlarında özünün təmsil etdiyi ali məktəb ilə Rusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlıq barədə söhbət edirdi. Bu ali məktəblər arasında saziş çərçivəsində təcrübə və tələbə mübadiləsi fəallaşdırılır, yay məktəbləri və ustad dərsləri təşkil edilir. Bizim mədəniyyət xadimləri perspektiv üçün işləyir, sabah incəsənətdə hansı istiqamətlərin aktual olacağını anlamaq üçün yaxın gələcəyə nəzər salmağa çalışırlar.

 

- 2020-ci ildə Azərbaycana Sankt-Peterburq Mədəniyyət Forumunun fəxri qonağı statusu verilməsini necə şərh edərdiniz?

- Bu həm rusiyalıların bizə ruhən yaxın olan ölkənin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmasına, həm də forumun nüfuzu sayəsində Azərbaycanın yaradıcı şəxsiyyətlərinin şöhrətini, onların öz sənətində ənənələrlə müasirliyi bacarıqlı şəkildə əlaqələndirməsini bütün dünyaya bəyan etməyə imkan verəcək. Mədəniyyət isə hətta qloballaşma dövründə də hər kəs üçün anlaşıqlı olan universal koddur.