Azərbaycan

4 dekabr 1979 – Xalq artisti Sona Salman qızı Hacıyeva (25.6.1907 – 1979) vəfat edib. Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib.

 

5 dekabr 1906 – Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 – 7.3.1963) Naxçıvanın MR Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dram Teatrında çalışıb, filmlərdə (“Səhər”, “Kölgələr sürünür”) çəkilib.

5 dekabr 1912 – Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 – 2.1.1986) Təbrizdə anadan olub. Əsərləri: “Səttarxan fədailəri Təbrizdə”, “Sərkərdə Babəkin portreti”, “Nəsiminin portreti”, “M.Ə.Sabirin portreti” və s. Teatr tamaşalarına bədii tərtibat verib.

5 dekabr 1921 – Tanınmış aktyor, Xalq artisti Həsənağa Dərya oğlu Salayev (1921 – 2.10.1981) anadan olub. Akademik Dram Teatrında çalışıb. “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

5 dekabr 1924 - Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Şamil Fərəməz oğlu Mahmudbəyov (1924 – 20.5.1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.

5 dekabr 1924 – Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (1924 – 3.4. 2008) Bakıda anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb, filmlərdə çəkilib.

5 dekabr 1925 – Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 – 26.7.2008) Laçın rayonunda doğulub. Əsərləri: “Sevimli naxışlar”, “Çəltikbecərənlər”, “Dağlarda bahar” və s. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.

5 dekabr 1927 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (1927 – 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində doğulub. “Azərbaycanfilm”in direktoru olub. “Həyatın özü”, “İlk məhəbbət” romanları, “Gülüstanda qətl” pyesi və s. əsərlərin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

5 dekabr 1934 – Əməkdar artist, tanınmış pianoçu Rafiq Teyyub oğlu Quliyev (1934 – 19.8.2007) Bakıda doğulub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub. 

5 dekabr 1941 – Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 – 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub, İrkutsk vilayətində dünyasını dəyişib.

5 dekabr 1947 – Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 – 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb, televiziya tamaşalarında çəkilib.

 

6 dekabr 2004 – Xalq artisti, tanınmış aktyor Muxtar Həsən oğlu Avşarov (15.2.1914 – 2004) vəfat edib. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.

6 dekabr 2006 – Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940 – 2006) dünyasını dəyişib. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.

 

Dünya

 

4 dekabr 1875 – Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke; 1875-1926) anadan olub.

4 dekabr 1896 – Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.

4 dekabr 1922 – Fransız aktyoru Jerar Filipp (Gerard Philipe; 1922-1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Təhlükəli əlaqələr” və s.

 

5 dekabr 1791 – Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart; 27.1.1756 - 1791) vəfat edib.

5 dekabr 1901 – Amerikalı multiplikasiya rəssamı, rejissor, prodüser Uolt Disney (Walter Elias “Walt” Disney; 1901-1966) anadan olub. Cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.

 

6 dekabr 1841 – Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille; 1841-1870) anadan olub.

Hazırladı:  Vüqar ORXAN