Azərbaycan

11 fevral 1914 – Xalq artisti Rəmziyyə Osman qızı Veysəlova (1914 – 23.8.1993) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

11 fevral 1920 – Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub.

11 fevral 1929 – Tarixçi alim, Əməkdar elm xadimi, akademik Tofiq Qasım oğlu Köçərli (1929 – 31.10.2007) anadan olub.

11 fevral 1930 – Mədəniyyət xadimi Gülara Cəfər qızı Cabbarlı (1930-2018) Bakıda anadan olub. C.Cabbarlının ev-muzeyinin direktoru işləyib.

11 fevral 1950 – Tanınmış pianoçu, bəstəkar Cahangir Mürsəl oğlu Qarayev (1950 – 15.1.2013) Bakıda anadan olub. “Fortepiano sonatası”, “Anlar və impulslar”, “Neqativlər” fortepiano pyesləri və s. əsərlərin müəllifdir. Bakı Musiqi Akademiyasında dərs deyib.

11 fevral 1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900 – 1981) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. “Fətəli xan”, “O olmasın, bu olsun”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.

11 fevral 2012 – Xalq artisti, tanınmış bəstəkar Elza İmaməddin qızı İbrahimova (10.1.1938 – 2012) vəfat edib. Populyar mahnıların müəllifidir.

 

12 fevral 1911 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 – 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.

12 fevral 1912 – Memar, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasımzadə (1912 – 12.3.1969) anadan olub.

12 fevral 1921 – Məşhur aktyor Əbülhəsən Anaplı (Məmmədov; 1894, Quba – 1921) vəfat edib. Hacıbəyli qardaşlarının teatr truppasının aparıcı artistlərindən olub.

12 fevral 1923 – Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923 – 6.11.1974) Naxçıvan MR  Babək rayonunun Şəkərabad kəndində doğulub. “Göz həkimi”, “Yolayrıcı” və s. pyeslərin müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.

12 fevral 1933 – Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933 – 23.1.1995) anadan olub. H.Zərdabi (Bakı), C.Cabbarlı (Sumqayıt) və başqa görkəmli şəxslərin abidələrinin müəllifidir.

12 fevral 1933 – Xanəndə, Əməkdar artist Mais Qurban oğlu Salmanov (1933 – 25.7.2008) Şəmkir rayonunun Morul kəndində doğulub.

 

13 fevral 1910 –  Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub.

13 fevral 1927 – Xalq artisti Roza Heydər qızı Cəfərxanova (1927 – 18.5.2010) Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası olub.

13 fevral 1946 – Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946 – 8.3.2006) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (2002-2006) edib. Kinoda (“Qızıl uçurum”, “Küçələrə su səpmişəm” və s.) yaddaqalan obrazlar yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” – Nazim, 1978) layiq görülüb.

13 fevral 1952 – Tanınmış aktyor Şahmar Qərib oğlu Qəribli (1952-2018) anadan olub. Sumqayıt Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

13 fevral 2009 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik, Dövlət mükafatları laureatı  Bəxtiyar Mahmud oğlu Vahabzadə (16.8.1925 – 2009) vəfat edib. 20-dək poemanın, 10 dram əsərinin (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc” və s.) müəllifidir. 

 

Dünya

 

11 fevral 1900 – Alman filosofu Hans-Georq Qadamer (Hans-Georg Gadamer; 1900-2002) anadan olub.

 

12 fevral 1865 – Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.

12 fevral 1881 – Dünya şöhrətli balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.

 

13 fevral 1873 – Rus opera müğənnisi Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.

13 fevral 1903 – Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub.

Hazırladı:  Vüqar ORXAN