Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov 2020-ci il mart ayının 12-də ömrünün 60-cı ilində vəfat etmişdir.

Adil Zeynalov 1960-cı il fevralın 20-də Lənkəran şəhərində anadan olmuşdur. 1977-ci ildə Lənkəran Dövlət Dram Teatrında  səhnə  quraşdırıcısı vəzifəsində əmək fəaliyyətinə başlamış, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirdikdən sonra teatrda aktyor, 2002-ci ildən isə quruluşçu rejissor vəzifəsində çalışmışdır.

A.Zeynalov Lənkəran teatrının səhnəsində bir sıra yaddaqalan rollar yaratmışdır. Müəllim (“Olanlardan-keçənlərdən” – Ü.Hacıbəyli), Mahmud (“Piyada Mahmud” – M.Kərim), Zahid (“Büllur sarayda” – İ.Əfəndiyev), Lal (“Ölülər” –C.Məmmədquluzadə), Korifey (“Şah Edip” – Sofokl), Neron (“Şeytanın oyunları” – M.Xubai), Con (“Şeytan işığı” – K.Nəzirli), Molla Həsənağa (“Ay lolo və ya moskvalı gəlin” – H.Mirzə) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindən sayılır. O, rejissor kimi Q.Cəmşidinin “Hacı Kərimin aya səyahəti”, İ.Məlikzadənin “Gəl, qohum olaq”, Ə.Nesinin “Üç yeriyən bədbəxtlik”,  F.Mustafanın   “İlğım”, B.Nuşiçin “Nazirin xanımı”, L.Korsinskinin “Kələkbaz”, Y.Əzimzadənin “Nəsrəddin”, H.Cavidin “Ana”, S.S.Axundovun “Qaraca qız”, Elçinin “Mənim sevimli dəlim”,V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və s. tamaşalara quruluş vermişdir. Həmçinin “Qətl günü”,  “40-cı qapı” və s. filmlərdə müxtəlif xarakterli rollar ifa etmişdir.

Onun yaradıcı əməyi dövlət tərəfindən qiymətləndirilmiş, 2012-ci ildə milli teatr sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Adil Zeynalovun əziz xatirəsi, yaratdığı rəngarəng obrazlar və quruluş verdiyi tamaşalar sənət nümunələri kimi yaddaşlarda yaşayacaqdır.

Allah rəhmət eləsin.