Azərbaycan

14 mart 1919 – Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 1880, Naxçıvan – 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub.

14 mart 1936 – Yazıçı-dramaturq Nahid Rəhim oğlu Hacızadə (1936-2018) Gədəbəy rayonunun Düzrəsullu kəndində doğulub. Pyesləri teatrlarda tamaşaya qoyulub, televiziya filmlərinin ssenari müəllifidir.

14 mart 1938 – Tanınmış ədəbiyyatşünas, professor Samət Qüdrət oğlu Əlizadə (1938-2002) Xızı qəsəbəsində anadan olub.

14 mart 1992 – Şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 28.3.1924 – 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.

 

15 mart 1878 – Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 - 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.

15 mart 1893 – Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi, aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev; 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.

15 mart 1893 – Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1893 - 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.

15 mart 1897 – Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897 – 5.12.1988) Şamaxıda anadan olub. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub. Bakı Türk İşçi Teatrında da tamaşalarda oynayıb. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

15 mart 1911 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (1911 – 5.10.1961) Bakıda doğulub. Gəncə teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

15 mart 1911 – Xalq artisti Əyyub Məmmədəli oğlu Haqverdiyev (1911 – 12.6.1996) Naxçıvanda doğulub. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

15 mart 1919 – Xalq artisti, ustad xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 – 24.10.1993) Bakıda anadan olub. Muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.

15 mart 1941 – Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 – 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.

15 mart 1941 – Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 – 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub.

 

16 mart 1882 – Xalq artisti, vokalçı Vasili Alekseyeviç Nikolski (1882-1967) anadan olub. 30 ilə yaxın (1952-ci ilədək) Opera və Balet Teatrının solisti olub, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

16 mart 1903 – Əməkdar mədəniyyət işçisi, dramaturq Qurban İsabala oğlu Musayev (1903-1982) Bakının Mərdəkan qəsəbəsində doğulub.

16 mart 1906 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (1906 – 12.10.1974) Bakıda doğulub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri (1938-1964) olub.

16 mart 1914 – Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 – 15.5.1982) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb.

16 mart 1916 – Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırov (1916 – 8.1.1996) Şuşada anadan olub. “Aygün” operası, “Kəndimizin mahnısı”, “Qayınana” operettaları, mahnı və romansların müəllifidir, tamaşalara musiqi yazıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

16 mart 1940 – Cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (1940 – 16.12. 1979) Bakıda doğulub. “Qafqaz” caz üçlüyü, “Leyli” və “Sevil” vokal qızlar ansamblları və “Muğam” instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) qalibi və laureatı olub.

 

17 mart 1905 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 – 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir. Rus və dünya ədəbiyyatından bədii tərcümələr edib.

17 mart 1923 – Əməkdar artist Mirvari Balahacı qızı Novruzova (1923 – 20.3.1994) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktrisası olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.

 

Dünya

 

14 mart 1681 – Alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.

14 mart 1804 – Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.

14 mart 1823 – Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville; 1823-1891) anadan olub.

 

15 mart 1830 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse; 1830-1914) anadan olub.

15 mart 1932 – Polşa rejissoru və ssenaristi Yeji Hoffman (Jerzy Hoffman) anadan olub. Filmləri: “Ara həkimi”, “Od və qılıncla” və s.

 

16 mart 1839 – Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme; 1839-1907) anadan olub.

16 mart 1935 - Rusiyanın Xalq artisti Sergey Yurski (1935 – 8.2.2019) anadan olub. “Azərbaycanfilm”də “Dərviş Parisi partladır”, “Şir evdən getdi” və s. filmlərdə çəkilib.

16 mart 1940 - İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci; 1940 – 26.11.2018) anadan olub.

 

17 mart 1901 – Amerika kino bəstəkarı, dirijor, aranjimançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” laureatı olub.

17 mart 1938 – Tatar-başqırd əsilli məşhur balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.

Hazırladı:  Vüqar ORXAN