Dünyanın ibtidai dövrdən bu günə kimi tarixinə nəzər salsaq görərik ki, insanlar öz həyatlarına bədii dəyərlər qatmağa hər zaman maraq göstəriblər. Nəticədə zaman keçdikcə incəsənət onların məişətlərinə daxil olub, yeni-yeni təsviri və tətbiqi sənət sahələri meydana gəlməyə başlayıb. 

Mozaika da qədim və zəngin tarixi olan sənət sahəsidir. Eyni və ya müxtəlif rəngli, sadə və mürəkkəb həndəsi formalarda kəsilmiş şüşə, daş hissəciklərdən hazırlanan mozaika monumental-dekorativ sənətin əsas növlərindən biridir. Mozaika ilham pərilərinə – muzalara həsr olunmuş əsər (italyanca “mosaico”; latınca “musivum”) mənasını verir və bir zamanlar əsasən muzaların təsviri ilə bağlı idi. Bu sənət növündən daha çox dekorativ-tətbiqi sənətdə istifadə olunsa da, bəzi hallarda dəzgah incəsənətində də rast gəlinir.

Orta əsrlərdə Azərbaycanda bir sıra tikililərdə maraqlı dekorativ mozaikalar yaradıldı. Misal olaraq, Naxçıvanda XVIII əsrdə inşa olunan “Zaviyə” adlı məscidin giriş qapısı və pəncərələri, müxtəlif bölgələrdə ictimai yerlər və şəxsi evlər rəngli mozaikalarla bəzədilmişdi. Ümumilikdə isə Azərbaycanda bu sənətin inkişafını XX əsrdən başlayaraq müşahidə etmək olar. Oqtay Şıxəliyev və Aydın Rəcəbovun yaratdığı mozaika nümunələri Bakı Məişət Kondisionerləri Zavodunu, “Azərbaycan” nəşriyyatının girişini bəzəyir. Bakı metropoliteninin “Neftçilər” stansiyasında Arif Ağamalov və Mirzəağa Qafarovun, “Nizami” stansiyasında Mikayıl Abdullayevin ərsəyə gətirdiyi mozaikalar, müəllifi Sirus Mirzəzadə olan “Səadət” mozaik kompozisiyası (Səadət sarayının qarşısında), Oqtay Şıxəliyevin Heydər Əliyev adına İdman-Konsert Kompleksində hazırladığı “Azərbaycan nağılları” kimi mozaikalar uğurlu sənət əsərlərindəndir.

Azərbaycanda mozaika sənətindən bəhs edərkən “Nizami” metro stansiyasına xüsusi gözəllik bəxş edən mozaikalardan ayrıca söz açmaq lazımdır. Bu mozaika kompozisiyaları SSRİ Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən 1973-cü ildə başlanan, 1976-cı ildə tamamlanaraq böyük uğurla ərsəyə gələn 19 pannodan ibarətdir. Pannolardan on səkkizində Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalardan bədii səhnələr, birində isə şairin özünün böyük ölçülü portreti təsvir edilib. “Xəmsə” motivlərinin məzmun və bədii cəhətdən bir-birinə olan uyğunluqları nəzərə alınaraq tağlı pilonlarda ardıcıllıqla yerləşdirilib.

Mikayıl Abdullayev bu barədə xatirələrində yazır: “1973-cü ildə Bakıda dahi şairin adını daşıyan “Nizami” stansiyasının bədii tərtibatı kimi məsul və şərəfli bir iş başlandı. Bütün imkanlarımı səfərbərliyə alaraq, “Xəmsə”ni yenidən mütaliə etməyə başladım. Hər poema üçün seçdiyim ən səciyyəvi səhnələri yeraltı salonun tağlı pilonlarında yerləşdirməyi qət edərək, on səkkiz səhnəni təsvir etməyi qərara aldım. Baş memar, akademik Mikayıl Hüseynovun bu niyyətimə razılıq verməsi məni bir qədər də ürəkləndirdi”.

Qeyd edək ki, akademik M.Hüseynov M.Abdullayevin ideyasını böyük rəğbətlə qarşılamışdı.

Salonun divarlarında “Sirlər xəzinəsi” poemasından – “Bayquşların söhbəti”, “Kərpickəsənin nağılı”, “Sultan Səncər və qarı”, “Xosrov və Şirin”dən – “Fərhad Bisütunda”, “Xosrov və Şirin” , “Fərhad və Şirin”, “Leyli və Məcnun”dan – “Məcnun və atası”, “Leyli və Məcnun”, “Məcnun Leylinin qəbri üstündə”, “Yeddi gözəl”dən – “Simnarın faciəsi”, “Bəhram və əjdaha”, “Bəhramın hünəri”, “Fitnə”, “İsgəndərnamə”dən – “İsgəndər və çoban”, “Yeddi alim”, “Nüşabə və İsgəndər”, “Daranın ölümü” və “Nəqqaş Mani” səhnələri əks olunub.

Rəssam “İsgəndərnamə” poemasına daha çox yer verərək beş təsvir yaradıb. Poemanın ümumi süjetində o qədər də əhəmiyyətli rol oynamayan “Nəqqaş Mani” obrazına həsr edilən pannonu rəssam heç də təsadüfi təsvir etmədiyini vurğulayaraq qeyd edirdi ki, dahi Nizami tərəfindən qələmə alınmış Şərqin böyük nəqqaşı Manidən qabaq Azərbaycan ədəbiyyatı və mədəniyyətində heç bir rəssam obrazına rast gəlinməyib. Bu mozaikalarda qəhrəmanlar başlarına gəlmiş mühüm hadisələr zamanı təsvir edilib. Klassik miniatür formalarını da kompozisiyanın ayrı-ayrı detallarında, dağların, ağacların, buludların və s. təsvirində görmək olar.

Digər bir mozaika isə Nizami Gəncəvinin hündürlüyü üç metrdən artıq olan irihəcmli portreti idi. Obraza monumental baxılması üçün miqyas cəhətdən dahi şairin fiquru digər poemalardakı təsvirlərin personajlarından iki dəfə böyük verilib.

M.Abdullayev mozaik təsvirlər üçün rəng seçərkən əlvan, parlaq və monoxrom rənglərdən istifadə etməyərək, təsir dərəcəsini saxlayan yumşaq rəng çalarlarına üstünlük vermiş, mozaik təsvirlərin yığılmasını isə Leninqraddakı mozaika emalatxanasına həvalə etmişdi.

1976-cı ilin sonunda “Nizami” metro stansiyasının salonunda bədii tərtibat işi başa çatır və stansiya istismara verilir. Mozaik pannolar insanlar tərəfindən böyük maraqla qarşılanır, sırf bu pannoları görmək üçün stansiyaya gələnlər də olurdu.

Stansiyanın istismara verilməsindən 40 il sonra, 2016-cı ildə ilk dəfə yenidənqurma işləri çərçivəsində yeraltı salonda yerləşən pannoların bərpa işləri həyata keçirildi. Bərpa işi ilə peşəkar rəssamlar – keramika üzrə mütəxəssis Elçin Cabbarov, mərmər üzrə mütəxəssis Nizami Vəliyev və M.Abdullayevin tələbəsi olmuş Zöhrab  Cabbarov tərəfindən aparılmışdı. “Nizami” metro stansiyasındakı mozaikalar Azərbaycan təsviri sənətinin monumental rəngkarlıq sahəsinin ən qiymətli nümunələri kimi bu gün də hər kəs, o cümlədən Bakıya gələn turistlər tərəfindən maraq və heyrətlə qarşılanır.

Ziyarət CABBAROVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı