“Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün”

Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq. Eyni zamanda bu məhdudlaşdırıcı rejim çərçivəsində insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri görmüşük.

Aprelin 27-dən, sonra mayın 4-dən daha da yumşaq rejim qüvvədədir. Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün.

Prezident İlham Əliyev bu sözləri mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında deyib.

Dövlət başçısı vurğulayıb ki, yumşalma tədbirləri insanların öyrəşdiyi həyat tərzinin  müəyyən dərəcədə bərpa olunması məqsədi güdürdü: “Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, – mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, – biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb.