“İndiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

 “Gilan Tekstil Park” MMC-nin baş direktoru Mehriban Axundova dövlətimizin başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, fabrikdə birdəfəlik istifadə üçün tibbi maskalar istehsal olunacaq. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq və mərhələli şəkildə istehsal  300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.

“Gilan Tekstil Park” MMC-də birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.

Prezident qeyd edib ki, koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlayıb: “Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq”.

Dövlət başçısı diqqətə çatdırıb ki, pandemiyanın ilk mərhələsində xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsində müəyyən çətinliklər yarandı. Tibbi maska istehsalı Azərbaycanda ümumiyyətlə yox idi: “Bu gün bu müəssisədə fəaliyyətə başlamış tibbi maska fabriki ölkəmizdə ikinci istehsalat sahəsidir. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində. Əlbəttə ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başlamışdır.

Biz bu günə qədər qoruyucu kombinezonları xaricdən alırıq. Problem onda deyil ki, biz buna vəsait ayırırıq, valyuta xərcləyirik, məsələ ondadır ki, koronavirus pandemiyası dövründə lazım olan vasitələrin alınması problemə çevrilir. Hətta pul olan zamanda bu vasitələrin, avadanlığın gətirilməsi böyük problemdir və biz bu problemlə üzləşmişik. Buna baxmayaraq, biz bütün imkanları səfərbər edib ölkəmiz üçün lazım olan vasitələri gətizdiririk”.

Prezident vurğulayıb ki, iki tibbi maska istehsalı müəssisəsi daxili tələbatı tam ödəməlidir, qoruyucu kombinezonlara tələbat da təmin olunmalıdır.

Bu gün koronavirus pandemiyasının hamını və bütün dünyanı narahat etdiyini deyən dövlət başçısı bildirib ki, bu sahədə Azərbaycanın nümunəvi yanaşması həm beynəlxalq səviyyədə, Dünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən təqdir olunur, həm də bunu həm Azərbaycan vətəndaşları deyir və onların minlərlə təşəkkür məktubunda bu öz əksini tapır: “Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır. O ki qaldı, iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcəkdir, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaqdır. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir”.

Bu yaxınlarda modul tipli birinci xəstəxananın açıldığını bildirən dövlət başçısı  belə xəstəxanaların sayının 10-a çatacağı, onlardan 4-nün özəl sektor tərəfindən inşa ediləcəyini deyib:  “Bu, bir daha göstərir ki, özəl sektor bizim çağırışımıza cavab verərək öz sosial məsuliyyətini nümayiş etdirir. Eyni zamanda, mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər”.

Prezident görülən bütün bu işlərlə bərabər narahatlıq doğuran məqamın olduğunu da vurğulayıb, çünki karantin rejimində yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başlayıb: “Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır... İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib.  Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər”.

Prezident daha sonra deyib: “Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək. Mən əminəm ki, biz buna nail olacağıq”.