Pandemiyada ikinci dalğa təhlükəsi qalmaqdadır

Koronavirusla mübarizədə ilk mərhələni arxada qoyan, eyni zamanda ikinci dalğa təhlükəsini də diqqətdə saxlayan ölkələr tədricən karantin rejiminin yumşaldılması ilə bağlı addımlara başlayırlar.

Mayın 11-dən Türkiyədə COVİD-19 pandemiyası ilə mübarizədə ikinci – “Nəzarətli sosial həyat” mərhələsi başlayıb. Son günlər ölkədə sağalanların sayının yoluxanlarla müqayisədə bir neçə dəfə artması sosial həyatın da mərhələli normallaşmasına yol açıb. Bu mərhələdə alış-veriş mərkəzləri, gözəllik salonları, bərbərxanalar və bəzi kiçik kafelər kimi bir sıra ictimai iaşə obyektləri fəaliyyətə başlayıb. Mayın 10-dan etibarən əhali arasında yaşı 20-dən aşağı, 65-dən yuxarı olanların da həftənin müəyyən günləri evdən çıxmalarına icazə verilib. Bundan əlavə, bəzi şəhərlərarası gediş-gəlişlər də bərpa olunub. İstanbulun yeni hava limanından ilk ölkədaxili reysin mayın 28-də keçirilməsi planlaşdırılır.

İranda mayın 16-dan orta məktəblərdə dərslərin başlayacağı bildirilib. İran hökumətinin sözçüsü deyib ki, məktəblər tibbi göstərişlərə əməl edilməsi şərti ilə açılır. Buraxılış imtahanlarında da bu qaydalara əməl olunması şərtdir.

Karantin rejimini ilk yumşaldanlardan olan Avstriyada qastronomiya obyektləri mayın 15-də qapılarını yenidən müştərilərin üzünə açacaq. Hökumət hələ aprel ayında elan edilən bu planın qüvvədə qaldığını bildirib və detalları açıqlayıb. Qastronomiya obyektləri axşam saat 11-dək müştərilərə xidmət göstərəcək və restoranın ərazisindən asılı olaraq müştəri sayı məhdudlaşacaq. Restoran işçilərinin maska və şəffaf üz qoruyucularından istifadəsi məcburidir. Bir masada əyləşən müştəri sayı dörddən artıq olmayacaq və masalar arasında məsafə bir metr təşkil etməlidir.

Almaniyanın bəzi federal əyalətində isə tədricən normal həyata qayıtmaq qərarı elan ediləndən bir neçə gün sonra yerli hakimiyyət orqanları yenidən qadağalar tətbiq etməyə məcbur olublar. Bu, epidemiyanın yeni ocaqlarının meydana çıxması ilə bağlıdır. Şimali Reyn-Vestfaliya və Şlezviq-Holşteyn əyalətlərində yerli ət emalı zavodunda işçilərdə koronavirus infeksiyası aşkar edilib. Ölkənin şərqində yerləşən Türingiyada isə bir neçə qocalar evinin sakinləri koronavirusa tutulub.

Fransada parlamentin aşağı palatası – Milli Assambleya mayın 9-da səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin iyulun 10-dək uzadılması barədə qanun layihəsini qəbul edib. Bir qədər əvvəl qanun layihəsi Fransa senatında təsdiq edilmişdi. Bundan öncə martın 24-də qəbul olunan qanun fövqəladə sanitar vəziyyətin iki ay müddətində, yəni mayın 24-dək qüvvədə qalmasını nəzərdə tuturdu.

Bu arada Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyətin iyunun 15-dək uzadılmasını tövsiyə edib. Məhdudiyyətin vaxtı mayın 15-dək başa çatmalı idi. Pandemiya ilə əlaqədar Aİ ölkələri (İrlandiya istisna olmaqla) və İsveçrə, Lixtenşteyn, İslandiya və Norveç kimi quruma üzv olmayan ölkələr martın ortalarında Aİ məkanına vacib olmayan səfərlərin məhdudlaşdırılması barədə qərar qəbul etmişdi. Avropa Komissiyası dünyada vəziyyətin qeyri-stabil olması ilə əlaqədar bu müddəti daha bir ay uzatmağı tövsiyə edir.

Avropa İttifaqını yenicə tərk etmiş Britaniyada əksər qadağalar iyul ayınadək davam edəcək. Baş nazir Boris Conson məhdudiyyətlərin yüngülləşdirilməsi planını cəmiyyətin normallaşması üçün yol xəritəsinin ilk layihəsi olaraq xarakterizə edib. O, distant işləyənlərin bu vəziyyətdə işlərinə davam etmələrini və yalnız məcbur olduqda iş yerlərinə getməli olduqlarını vurğulayıb. Hələlik yalnız tikinti sektorunda işlər bərpa olunur. Növbəti addımlar iyunun 1-dən sonra atılacaq. Həmin vaxtdan bəzi siniflərdə təhsilin başlaması və bəzi mağazaların açılması mümkündür. Restoran, kafe və barlar isə ən erkən iyul ayında açıla biləcək.

Qazaxıstanda 11 may tarixindən pandemiya ilə bağlı fövqəladə vəziyyət rejimi dayandırılır. Prezident Kasım-Jomart Tokayev bildirib ki, ölkənin hər bir regionunda vəziyyət yaxşılaşdıqca karantin məhdudiyyətləri tədricən götürüləcək. Çünki ayrı-ayrı regionlarda yoluxma təhlükəsi qalmaqdadır. Əgər ölkənin regionlarında ardıcıl yeddi gün ərzində COVİD-19-un artması 7 faizdən aşağı olarsa, o zaman hökumətin qərarına əsasən, böyük pərakəndə satış mərkəzləri, ofislər, açıq bazarlar, gözəllik salonları və idman salonları kimi müəssisələrin açılmasına icazə veriləcək.

Pandemiyanın hələ artan xətt üzrə getdiyi Rusiyada isə əsas məhdudiyyətlər bir müddət davam edəcək. Bununla belə, mayın 12-dən ölkədə qeyri-iş günləri dövrü başa çatıb. Bu barədə Prezident Vladimir Putin mayın 11-də televiziya ilə müraciətində deyib. Qeyd edək ki, Rusiyada qeyri-iş günləri (yəni evdə qalmaq müqabilində əməkhaqqının ödənilməsi) martın 30-dan mayın 11-dək – ümumilikdə 6 həftə davam edib. Federal subyektlər bundan sonra şəraitə uyğun olaraq müəyyən yumşalma addımları ata bilərlər. Moskvada əhaliyə xidmət, mədəniyyət, təhsil və idman, ümumilikdə isə bütün qeyri-istehsal sahələrində məhdudiyyətlər mayın sonunadək davam edəcək. Mayın 12-dən ictimai nəqliyyatdan istifadə edən sərnişinlər, habelə taksi sürücüləri və sərnişinlərin maska taxması və əlcək geyməsi məcburidir. Fəaliyyətinə icazə verilmiş müəssisə və təşkilatların da əməkdaşları maska taxmalıdır.