Azərbaycan

13 may 1919 – Tanınmış tarzən, bəstəkar, Əməkdar artist Adil Gәray (Adil Heybәtqulu oğlu Mәmmәdbәyli; 1919 – 13.12.1973) Bakıda doğulub. Tar üçün əsərlərin, məktəblər üçün nəğmələr məcmuəsi və s. müəllifidir.

13 may 1929 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 – 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün əsərlərin, çoxsaylı təmsillərin müəllifidir.

13 may 1982 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 – 1982) vəfat edib. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, simfoniyalar, kino musiqisi və s. əsərlərin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.

 

14 may 1906 – Əməkdar artist, opera müğənnisi Şirzad Abasəli ağa oğlu Berqman (Hüseynov; 1906 – 10.5.1971) Bakıda anadan olub.

14 may 1985 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (12.2.1911 – 1985) vəfat edib. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.

 

15 may 1893 – Görkəmli türkoloq, şair, professor Bəkir Vahab oğlu Çobanzadə (1893 – 13.10.1938) Krımda anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Repressiya qurbanıdır.

15 may 1899 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 – 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Akademik Dram Teatrında çalışıb, filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

15 may 1903 – Əməkdar artist, teatr aktyoru Mirhəsən Miriş oğlu Mirişli (1903-1973) anadan olub.

15 may 1918 – Tanınmış ədəbiyyatşünas Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəranda anadan olub.

15 may 1921 – Filosof, Əməkdar elm xadimi Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) Şuşada anadan olub.

15 may 1922 – SSRİ Xalq artisti, tanınmış bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 – 19.9.1995) anadan olub. “Romeo mənim qonşumdur”, “Talelər qovuşanda” və s. operettaların müəllifidir. “Bir qalanın sirri”, “Qara daşlar”, “Əhməd haradadır?” və s. filmlərə musiqi yazıb. Azərbaycan SSR-in Mədəniyyət naziri (1965-1971) işləyib.

15 may 1930 – Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 – 15.7.2003) Gəncədə doğulub. “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və s. pyeslərin müəllifidir.

15 may 1930 – Tanınmış şərqşünas, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) Gəncə şəhərində anadan olub.

15 may 1931 – Teatrşünas, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931-1998) Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində doğulub.

 

Dünya

 

13 may 1840 – Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet; 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Safo” (roman), “Arlezianka” (pyes).  

13 may 1842 – İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan; 1842-1900) anadan olub.

 

14 may 1265 – İtalyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir.

14 may 1771 - İngilis filosofu Robert Ouen (Robert Owen; 1771-1858) anadan olub.

 

15 may 1567 – İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi; 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.

15 may 1848 – Rus rəssamı Viktor Vasnetsov (1848-1926) anadan olub. Məşhur rəsmləri: “Üç bahadır”, “Çar İvan Qroznı” və s.

15 may 1862 – Avstriya dramaturqu Artur Şnitsler (Arthur Schnitzler; 1862-1931) anadan olub.

15 may 1891 – Rus yazıçısı Mixail Bulqakov (1891-1940) Kiyev şəhərində doğulub. Əsərləri: “Usta və Marqarita”, “Ağ qvardiya”, “İt ürəyi” (nəsr), “Qaçış”, “Turbinlər ailəsinin günləri”, “Zoykanın mənzili” (dram). Bir sıra əsərləri ekranlaşdırılıb.

Hazırladı:  Vüqar ORXAN