18 may – Beynəlxalq Muzeylər Günü virtual formada qeyd olunacaq

Azərbaycanda muzey işinin zəngin tarixi var. Ölkəmizdə ilk muzey guşəsi görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadə tərəfindən müəllim işlədiyi Nehrəm kənd məktəbində yaradılmışdı. XX əsrin əvvəllərində Bakıda “Xalq məktəbləri müdiriyyəti” nəzdində pedaqoji muzey təşkil edilmişdi. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə – 1919-cu ilin dekabrında Bakıda ilk dövlət muzeyi – İstiqlal Muzeyi təşkil olundu. 1920-ci ildə, sovetləşmədən sonra  Azərbaycan Dövlət Muzeyinin (indiki Milli Tarix Muzeyi) təşkil olunmasında həmin muzeyin ekspozisiyasından da istifadə edilmişdi. Sonrakı 100 il bu sahədə böyük inkişaf yolu, onlarla müxtəlif profilli muzeyin yaranması ilə müşayiət olunub.

Hazırda respublikamızda 250-dən çox muzey var. O cümlədən Mədəniyyət Nazirliyi sistemində 219 müxtəlif profilli: incəsənət, ədəbiyyat, tarix, tarix-diyarşünaslıq, döyüş şöhrəti, xatirə və ev-muzeyləri fəaliyyət göstərir.

Artıq iki ayı arxada qalan koronavirus (COVİD-19) pandemiyasının xüsusilə mənfi təsir göstərdiyi mədəniyyət sahələrindən biri də muzeylərdir. Məcburi sosial təcrid rejimində dünyanın hər yerində muzeylərin fəaliyyəti dayandırılıb, muzey turları, ekskursiyalar virtual müstəvidə gerçəkləşir.

18 may – Beynəlxalq Muzeylər Günü də bu il virtual formada, onlayn layihələrlə qeyd olunacaq. Qeyd edək ki, 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (İCOM) konfransında təsis olunan əlamətdar günün hər il xüsusi devizi olur. Builki deviz “Muzeylər bərabərlik üçün: müxtəliflik və inteqrasiya”dır. Əslində, pandemiyanın dünyanın dörd bir yanında muzeylərin qapılarını bağlaması bu tarixi-mədəni irs məkanlarını virtual müstəvidə hamı üçün eyni dərəcədə “əlçatan” edib, yəni virtual ziyarət üçün hamının imkanları, həqiqətən, bərabərdir.

“Bu il Beynəlxalq Muzeylər Günü rəqəmsal formatda keçirilir. Biz bütün dünyanın muzeylərini onlayn tədbirlərdə iştirak etməyə və bu günü “Muzeylər bərabərlik üçün: müxtəliflik və inteqrasiya” devizi ilə birlikdə qeyd etməyə çağırırıq”, – deyə İCOM-un saytında bildirilir.

İCOM həmçinin Beynəlxalq Muzeylər Günündə gerçəkləşməsi mümkün olmayan tədbirləri pandemiyanın doğurduğu təcrid bitəndən sonra – noyabr ayında keçirməyi təklif edir. Təklif edilən alternativ tarix 14-16 noyabrdır. Qeyd olunur ki, həmin günlər hər il ənənəvi olaraq qeyd olunan “Uzun muzey gecəsi” aksiyası (bu il 14 noyabra təsadüf edəcək) və İCOM-un yaranmasının 74-cü ildönümü (16 noyabr 2020-ci il) üst-üstə düşəcək. “İCOM  Beynəlxalq Muzeylər Gününü qlobal şəkildə qeyd etmək istəyən bütün muzeylərə dəstəyini davam etdirəcək”, – deyə məlumatda bildirilir.

Necə deyərlər, gözləməkdən savayı çarə yoxdur. Ümid edək ki, bu il yazdan payıza köçən muzeylər bayramı üçün noyabrda daha əmin-arxayın və sağlıqlı bir zaman olacaq. İndiliksə, qarşıdan gələn peşə bayramı – Beynəlxalq Muzeylər Günü münasibətilə bu sahədə çalışan, bu işə ömrünü vermiş, həyatını bağlamış hər kəsi təbrik edirik.