Tanınmış yazıçı, publisist, tərcüməçi, diplomat Əli Səbri Qasımov (1892-1983) haqqında monoqrafiya çapdan çıxıb.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin müəllifi olduğu “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı tədqiqat əsəri zəngin arxiv materialları əsasında hazırlanıb.

Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri akademik İsmayıl Hacıyev və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevdir.

Kitabda ziyalı və ictimai xadimin çoxcəhətli fəaliyyəti “Şərəfli ömür yolu”, “Əli Səbri Qasımovun bədii yaradıcılığı”, “Ədəbi-tənqidi və publisistik irsindən” və “Tərcüməçilik fəaliyyəti” fəsilləri üzrə araşdırılıb. Monoqrafiyada yazıçının “Şəbi-hicran, yaxud müsibəti-Şadi” povesti, “Solğun çiçək” romanı və  “Qaraçılar”, “Ümid işıqları”, “Gonbul ayı balası”, “Firuzun kədəri”, “Himayə” və digər hekayələrindən ilk dəfə söhbət açılıb. Əsərlərin ideya-bədii xüsusiyyətləri diqqət mərkəzinə çəkilib.

Qeyd edək ki, Qori Müəllimlər Seminariyası və Azərbaycan Dövlət Universitetinin məzunu olan Əli Səbri Qasımov Naxçıvanda erməni-daşnak təcavüzünə qarşı mübarizədə də mühüm rol oynayıb, könüllü xalq dəstələrinin yaradılmasının təşəbbüskarı olub. Buna görə 1919-cu ilin yayında bölgədəki ermənipərəst ingilis hərbi komandanlığı tərəfindən həbs olunmuşdu.

“Maarif işçisi” jurnalının redaktoru, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor, Azərbaycan Yazıçılar İttifaqı ədəbi fondunun sədri olan Əli Səbri dünya ədəbiyyatından dilimizə tərcümələr edib. O, həmçinin Azərbaycan ədəbiyyatı nümunələrini rus dilinə çevirib.

F.YUNİSLİ