25-50 avro məbləğində pulsuz yemək imkanı

Avstriya paytaxtında iqtisadiyyata və qastronomiya obyektlərinə dəstək göstərmək üçün şəhər bələdiyyəsi hər bir ailəyə vauçerlər paylayacaq.

Vyana meri Mixael Ludviq qastronomiya obyektlərinin yenidən fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş brifinqdə bildirib ki, şəhərdə olan 950 min mənzil üzrə təqdim olunan vauçerlər iyun ayının ortalarından sentyabrın sonunadək istifadə edilə bilər. Bir nəfərin yaşadığı mənzillərə 25 avro, bir neçə nəfərin yaşadığı mənzillərə isə 50 avroluq vauçerlərin nəzərdə tutulduğunu bildirən mer bu məqsədlə büdcədən 40 milyon avro vəsait ayrıldığını diqqətə çatdırıb.

Merin sözlərinə görə, kafe və restoranlar üçün təkan rolu oynayan bu addım iqtisadiyyatın yenidən dirçəlməsinə öz töhfəsini verəcək. 60 min işçinin çalışdığı qastronomiya sektoruna bu dəstəyin siyasi nüansı da var. Bu ilin oktyabrında keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində şəhər meriyasının bu stimulaşdırıcı addımı həm də seçici qazanmağa hədəflənib.

Qeyd edək ki, mayın 15-dən etibarən Avstriyada qastronomiya obyektləri fəaliyyətlərini tam şəkildə bərpa edir. Kafe və restoranlar axşam saat 11-dək müştəriləri qəbul edə bilərlər.