Misirin qadın yazıçısı Rem Bəssyuneyin Əyyubilər sülaləsinin süqutundan sonra məmlüklər tərəfindən qurulan türk sultanlığından bəhs edən “Rəiyyət oğulları: Məmlük trilogiyası” əsəri ilin ən yaxşı romanı elan edilib. Roman ədəbiyyat üzrə Misirin ən yüksək Naqüb Məhfuz mükafatına layiq görülüb və ərəb ölkələrində ən çox satılan kitab olub.

Misirdə və Yaxın Şərqdə Əyyubi sultanlarının köləsi olan (məmlük “ağ kölə” deməkdir) və 267 il hökmranlıq etmiş məmlüklərin tarixini çox maraqlı bədii çalarlarla oxuculara təqdim edən yazıçı üç ilə yaxın müddətdə araşdırmalar aparıb və qiymətli əsər ərsəyə gətirib. Yazıçı ilk məmlük sultanı zamanından Osmanlı hökmranlığınadək olan dövrü trilogiyaya sığdırıb.

Ədəbi tənqidçilər və tarixçilər Qahirə Amerika Universitetinin sosiologiya üzrə professoru olan yazıçının əsərini Misir və İslam aləmi tarixinə və ədəbiyyatına töhfə kimi xarakterizə ediblər.