Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı ərəfəsində onun qurucularını bir daha minnətdarlıqla yad edirik

“Biz Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin varisiyik. Onların işinin davamçısıyıq – ancaq yeni şəraitdə, yeni zamanda. Bu müstəqillik Azərbaycan xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən ucaldılmış böyük bir abidədir. Biz Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik”.

Ulu öndər, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev bu sözləri 1998-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş mərasimdə demişdi.

İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, onun elanı, dövlət rəmzlərinin qəbulu və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. İstiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün fəhm, uzaqgörən siyasət və iradə zəruridir.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Cümhuriyyətin varisi olan müstəqil Azərbaycanı qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək üçün misilsiz tarixi xidmətlər göstərdi. O, Azərbaycanın görkəmli şəxsiyyətlərinin XX əsrin əvvəlində xalqımıza daddırdığı və 70 illik sovet idarəçiliyi zamanı milli yaddaşımızda əskilməyən istiqlal, dövlətçilik duyğularını möhkəmlətdi, Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi.

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqi və Türk dünyası tarixində birinci respublika idi. Bu gün – Cümhuriyyətin 102 yaşı ərəfəsində biz bu dövlətin qurucularını minnətdarlıqla yad etməklə bərabər, müasir Azərbaycan Respublikasının istiqlal tariximizə ən böyük abidə olduğunu da fəxrlə qeyd edirik. İki il öncə Cümhuriyyətin 100 yaşını dövlət və xalq olaraq möhtəşəm şəkildə qeyd etməklə bunu bir daha dünyaya bəyan etdik.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır... Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir.

Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər... Müstəqillik ən böyük sərvətimiz, ən böyük nemətimiz, ən böyük xoşbəxtliyimizdir”, – deyə Prezident İlham Əliyev Cümhuriyyətin 100 illik yubiley mərasimində bildirmişdi.

Bu gün müasir Azərbaycan dövləti Cümhuriyyətin irsini yaşadaraq yoluna davam edir.

Müstəqilliyimiz əbədi olsun, dövlətçiliyimiz heç zaman sarsılmasın.