Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü və 28 May – Respublika Günü  münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

“Can Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim adından və şəxsən öz adımdan Zati-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ən səmimi duyğularımla təbrik edirəm”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunda bildirilir. Təbrikdə vurğulanır ki, inamla və qüdrətli bir şəkildə Cümhuriyyət tarixinin 102-ci yaşına qədəm qoyan Odlar Yurdu bütün sahələrdə böyük addımlar atmağa davam edir: “Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da genişləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq duyuram. Qəlbləri birlikdə döyünən ölkələrimizin indiyə qədər olduğu kimi, bundan sonra da milli məsələlərimizdə qardaşlıq həmrəyliyini davam etdirəcəklərinə, bölgəmizdə sülh, rifah və sabitliyə sanballı töhfələr verməyə davam edəcəklərinə inamım qətidir”.

Bu həftə həmçinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Polşa Prezidenti Andjey Duda, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyan, Monteneqronun dövlət başçısı Milo Cukanoviç, Çex Respublikasının Prezidenti Miloş Zeman, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Bolqarıstan Prezidenti Rumen Radev və başqa dövlət başçıları Azərbaycan rəhbərinə  təbrik məktubları göndəriblər.