Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri Ağstafa və İmişli rayonlarının İcra Hakimiyyəti başçısı vəzifələrinə təyin olunan Seymur Orucovu və Elçin Rzayevi videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Ağstafa və İmişli rayonlarının keçmiş icra başçıları tərəfindən edilmiş pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib: “Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir”.

Prezident vurğulayıb ki, bizim bölgələrdə gördüyümüz işlərin mənbəyi xalqın iradəsidir. Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı icra olunur. Bütün proqramların tərtibatında yerlərdən gələn təkliflər üstünlük təşkil edir: “Mənim bölgələrə, rayonlara çoxsaylı səfərlərim və səfərlər əsnasında vətəndaşlarla görüşlərim bu proqramların hazırlanmasında xüsusi rol oynayır. Çünki bölgələrdə elə işlər görülməlidir ki, o işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən siz, ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlamalısınız”.

Qeyd olunub ki, üç Dövlət Proqramının icrası nəticəsində yerlərdə infrastruktur layihələrinin böyük hissəsi öz həllini tapıb: “Bunu indi hər kəs görür, bölgələrdə yaşayan insanlar görür və eyni zamanda, beynəlxalq təşkilatlar da bunu qeyd edir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlığına görə Azərbaycan dünyada 2-ci yerdədir. Yolların keyfiyyətinə görə 30-cu yerlərdədir. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, demək olar, qazlaşdırma layihələrinin böyük əksəriyyəti başa çatıb, qazlaşdırmanın səviyyəsi 96 faizdir. İçməli su layihələri bütün şəhərlərdə icra edilir, ya artıq başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Bütün bunlar dövlət tərəfindən görülmüş işlər, qoyulan investisiyalardır. Ona görə sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, artıq bu möhkəm təməl üzərində öz işinizlə rayonların sosial-iqtisadi inkişafını təmin edəsiniz. Eyni zamanda, bütün işlər ədalətli görülməlidir. Ədalət sizin işinizdə əsas prinsip olmalıdır və indiki şəraitdə, pandemiya dövründə insanlara daha çox yardım, kömək göstərilməlidir”.

Prezident diqqətə çatdırıb ki, pandemiya ilə mübarizədə Azərbaycan dövləti bütün lazımi tədbirləri görür. Biz yüz minlərlə insanın sosial vəziyyətinin pisləşməsini nəzərə alaraq, onlara yardım göstəririk. Bu yardım insanları bu ağır vəziyyətdə ruhlandırır, eyni zamanda, onların maddi imkanlarının təmin edilməsində rol oynayır. Bununla yanaşı, yerlərdə rəhbər şəxslərin fəaliyyətindən çox şey asılıdır. Çünki onların işindən, eyni zamanda, ümumiyyətlə, Azərbaycanda görülən işlər haqqında da təsəvvür yaranır.

İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək və əlbəttə ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahə olaraq qalır. İndiki şəraitdə kənd təsərrüfatının müasir üsullarla inkişafı ilə əlaqədar çox geniş proqramlar icra edilir. Bu sahədə də yerli icra orqanlarından çox şey asılıdır: “Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb, 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub. Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib.

Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək. Amma deyə bilərəm ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır. Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur”.

Dövlət başçısı çıxışının sonunda vurğulayıb ki, bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır: “Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar”.