Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi davam edir. Layihə çərçivəsində musiqi mədəniyyətimizin inkişafında iz qoyan tanınmış bəstəkarlara, ifaçılara həsr olunan telehəftələr keçirilir.

“Bizi birləşdirən mədəniyyət”in bu həftə (18-24 may) üzrə buraxılışları da maraqlı təqdimatlarla tamaşaçıların görüşünə gəlir.

Layihə çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən yayımlanan növbəti musiqili proqramı gənc bəstəkarlara, muğam və instrumental ifaçılara həsr olunub. Mayın 21-də gerçəkləşən konsertdə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri layihənin qonağı olublar. Musiqi axşamında gənc bəstəkarların əsərləri səslənib, gənc ifaçılar çıxış ediblər.

22 may buraxılışında isə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi və konservatoriyanın müəllim-tələbə heyəti layihəyə dəvət olunacaqlar. Həmin gün canlı yayım tədris müəssisəsinin fəaliyyətinə həsr olunacaq.

Şənbə günü – 23 may tarixində isə layihənin “Muğam ustadları” adlı təqdimatında Əməkdar müəllim Nəriman Əliyevin 90 illik yubileyi qeyd ediləcək.

Layihənin “Azərbaycan aşıqları” buraxılışında Beynəlxalq Muğam Mərkəzindən yayımlanan canlı efirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının müəllim və tələbə heyəti qonaq olub.

Layihə çərçivəsində 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş efir Azərbaycan Dövlət Akademik Filarmoniyasından yayımlanıb. Verilişin qonağı Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova Azərbaycanda muzey işi və bu sahənin inkişafı ilə bağlı söhbət açıb.

Bildirilib ki, Azərbaycanda ilk muzey böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadə tərəfindən Naxçıvanda müəllim işləyərkən yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti və sovetlər dönəmində muzey işi mühüm inkişaf yolu keçib. Azərbaycan muzeylərinin ən yüksək inkişaf mərhələsi 1970–1980-ci illərdə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir.

Bildirilib ki, bu gün ölkəmizdə yeni muzeylər yaradılır, mövcud muzeylər bərpa edilir, ekspozisiyaları zənginləşdirilir, muzeylərin beynəlxalq əlaqələri genişlənir. Ölkə başçısı tərəfindən muzey sahəsi üzrə onlarla sərəncam imzalanıb. Verilişdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunması və təbliği istiqamətində çoxşaxəli, yorulmaz fəaliyyəti də xüsusi qeyd edilib.

Vurğulanıb ki, Azərbaycan Milli Xalça Muzeyi üçün yeni möhtəşəm bina inşa edilib, Azərbaycan Milli İncəsənət Muzeyinin bir binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb, muzeyin korpusları arasında müasir üslubda keçid bina tikilib. Respublikamızın bir sıra şəhər və rayonlarında da müasir standartlara uyğun muzey binaları inşa edilib. Bütün bunlar ölkə rəhbərliyinin mədəni irsimizin qorunmasına, muzey işinin inkişafına göstərdiyi diqqətin təzahürüdür.

Nazirliyin şöbə müdiri həmçinin karantin rejimi dövründə muzeylərin onlayn fəaliyyəti və 18 may tarixindən muzeylərin fəaliyyətini bərpa etməsindən də danışıb. Bildirib ki, bununla əlaqədar nazirlik tərəfindən bütün muzeylərə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara əməl olunması tapşırılıb. 

Layihənin “Müasir Azərbaycan bəstəkarları” adlı təqdimatında gənc bəstəkarlar canlı efirin qonağı olublar. Onlar yaradıcılıqlarından nümunələr təqdim ediblər.

“Opera dünyasına səyahət” təqdimatında Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, teatrın solistləri iştirak ediblər.

Bundan əlavə, layihə çərçivəsində “Mədəniyyət” kanalında Ramiz Mustafayevin “Vaqif” operası nümayiş etdirilib.

Telehəftə ərzində Dövlət Mədəniyyət və İncəsənət Universiteti Musiqi sənəti fakültəsinin müəllim və tələbə heyəti də verilişin qonağı olub.

“Bizi birləşdirən mədəniyyət” layihəsi üzrə “Musiqi dərsi”, “Evdə  öyrən”, “Azərbaycan aşıqları”, “XX əsr Azərbaycan operetta inciləri”, “Opera dünyası”, “Sərhədsiz musiqi”, “Muğam ustadları”, “Azərbaycan muzeyləri”, “Biz xalqın içindəyik”, “Bizim Bakı küçələri” kimi təqdimatlar da davam etdirilir.

Qeyd edək ki, layihənin növbəti həftələrində ənənəvi olaraq təsviri sənət, kino, musiqi və teatra geniş yer ayrılacaq. Layihədə ADMİU-nun tələbələrinə, gənc istedadlara da öz bacarıqlarını nümayiş etdirmək imkanı yaradılacaq. Canlı yayımlara musiqi məktəblərinin xüsusi istedadlı şagirdləri də dəvət olunacaq.

L.AZƏRİ