Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsini davam etdirir.

Ötən müddətdə respublikamızın 20-dək şəhər və rayonuna virtual turlar təşkil olunub. Layihədə Xızı, Göyçay, Ucar, Qax, Şəki və Ağcabədi rayonlarının Mərkəzi kitabxanaları da fəal iştirak edir.

Növbəti videoçarx Ağsu rayonu haqqındadır. Videoçarxda rayonun təbiət mənzərələrinin – dağların, meşələrin, Girdiman və Ağsu çaylarının fotoşəkilləri və məlumatlar yer alıb. Bölgənin tarixi-mədəni irsi – Qaraqoyunlu kəndi Qırmızı günbəz türbəsi, Ağ günbəz türbəsi, Şeyx Əmir Əhməd türbəsi, Qaraçıbulaq və başqa qədim tarixi abidələr, Kalva kəndində yerləşən pirlər haqqında məlumat diqqətə çatdırılır.

Ağsu tarixən inkişaf etmiş sənətkarlıq sahələri ilə məşhurdur. Videoda xalçaçılıq sahəsi ilə əlaqədar Ağsu xalçaları da göstərilir.

Virtual turların materiallarını “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və eyniadlı “Youtube” kanalında da izləmək mümkündür.