Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib, həmçinin xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Qeyd edək ki, 24-25 may tarixi Ramazan bayramıdır. 24 may bazar gününə düşdüyü üçün 26 may tarixi də qeyri-iş günü sayılır. Mayın 28-i Respublika Günüdür. Nazirlər Kabinetinin sözügedən qərarı ilə 27 və 29 may tarixi də qeyri-iş günləri elan olunduğu üçün ölkə ərazisində 8 gün – 23-30 may qeyri-iş günləridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin qərarının tətbiqi ilə əlaqədar izahat yayıb. İzahatda bildirilir ki, Nazirlər Kabinetinin  2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə Ramazan bayramı və xüsusi karantin rejimi ilə əlaqədar olaraq iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 2020-ci ilin 23-30 may dövrü üçün bayram, istirahət və əmək haqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib.