Tacikistanın “Millat” portalında böyük Azərbaycan yazıçısı, dramaturq, nasir, publisist, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev haqqında tacik dilində məqalə verilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 31-də Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi haqqında sərəncam imzalayıb və yubileyin ölkəmizdən kənarda da müxtəlif tədbirlərlə qeyd olunması nəzərdə tutulub.

Materialda ədibin həyatı və yaradıcılığı haqqında məlumat verilir. Qeyd edilir ki, Əbdürrəhim bəy Haqverdiyevin adı UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına salınıb.

Məqalədə Haqverdiyevin bədii əsərlərindən, eləcə də “Molla Nəsrəddin” satirik jurnalında fəaliyyətindən bəhs olunur. Həmçinin vurğulanır ki, musiqi ilə maraqlanan Əbdürrəhim bəy Haqverdiyev 1908-ci ildə Üzeyir Hacıbəylinin Bakıda tamaşaya qoyulan birinci Azərbaycan operasına – “Leyli və Məcnun”a dirijorluq edib.