Mayın 19-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) təşkilatçılığı ilə İslam Dünyası İrs Komitəsinin (İWHC) videokonfrans vasitəsilə 2-ci növbədənkənar iclası keçirilib.

İclasda koronavirus pandemiyası şəraitində tarixi-mədəni abidələrin mühafizəsi məsələləri müzakirə edilib. Qeyd olunub ki, COVİD-19 virusunun yayıldığı və turizm sektorunun fəaliyyətini dayandırdığı bir dövrdə mədəni irsin qorunması və təbliği aktual problemdir. Müzakirələrdə İslam Dünyası Mədəniyyət Nazirləri Konfransının qərarları fonunda irəli sürülən təkliflər və həyata keçiriləcək layihələr bir daha nəzərə çatdırılıb, pandemiya şəraitində maddi və qeyri-maddi mədəni irsin virtual təbliği, habelə mütəxəssislər üçün videokonfrans vasitəsilə kursların keçirilməsi zəruri hesab edilib.

İştirakçılar tarixi-mədəni abidələrin mühafizəsi, onların bərpası, silahlı münaqişə zonalarında mədəni irsin qorunması sahələrində UNESCO-nun Dünya İrs Mərkəzi, üzv ölkələrin uyğun hökumət strukturları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın vacibliyini vurğulayıblar. Sonda İCESCO-nun rəsmi saytında və sosial şəbəkələrdə İslam dünyasının mədəni irsi haqqında videoçarxların yerləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycanın İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri İslam dünyası irsi siyahısına daxildir.