“Bu günə qədər 13 ölkəyə yardım göstərmişik, amma bunu reklam etməmişik”

“Pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə, ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib”.

Prezident İlham Əliyev bu sözləri mayın 19-da Bakı şəhərindəki 3 saylı DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Heydər Əliyev prospektində yerləşən 3 saylı DOST mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək.

Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma 2020-ci ilin əvvəlindən indiyədək sosial sahədə əldə olunan uğurlar, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri, elektron sistemlər üzərindən göstərilən proaktiv xidmətlər, günərzi qayğı və digər məsələlər barədə məlumatlar verilib. Əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işləri nümayiş etdirilib.

Qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 96 faiz təşkil edib.

Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Eyni zamanda son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi göstərilən xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.

Dövlət başçısı bu məqamı müsahibəsində də vurğulayıb. Prezident qeyd edib ki, bir neçə il bundan əvvəl biz Azərbaycanda kosmik sənayenin yaradılması ilə məşğul olmağa başlayanda bəziləri təəccüb edirdi, bəziləri düşünürdü ki, Azərbaycan o qədər də böyük ölkə deyil, - kosmik klub dünya miqyasında çox məhdud bir klubdur və Azərbaycan üçün orada özünə yer tapmaq çətin olacaq: “Ancaq həyat göstərdi ki, biz düzgün yoldaydıq. Çünki kosmik sənayenin yaradılması, üç peykin orbitə çıxarılması təkcə iqtisadi və digər maraqlarımızı təmin etmir, eyni zamanda bu, kadrların hazırlanması, gənc kadrların yeni texnologiyalara sahib çıxması baxımından da çox önəmli idi. Kadr hazırlığı olmadan müasir texnologiyalar heç bir ölkədə inkişaf edə bilməz. Ona görə biz həm dövlət resurslarımızı bu istiqamətə cəlb etdik və çox düzgün proqram tərtib etdik, həm də kadr hazırlığı ilə əlaqədar əməli-praktiki addımlara start verdik. Çünki bax, bu gözəl DOST mərkəzinin timsalında görürük, əgər burada peşəkar kadr olmasa, bu Mərkəz fəaliyyət göstərə bilməz. Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır”.

Prezident daha sonra deyib: “Biz demək olar ki, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. CİSCO şirkəti ilə biz, deyə bilərəm ki, artıq strateji tərəfdaşlıq əlaqələrinə yaxınlaşırıq. Əlbəttə ki, onların təklif etdiyi intellektual məhsul bizim gələcək inkişafımıza çox lazımdır. Misal üçün, biz hazırda ağıllı şəhər – “Smart City” layihəsi üzərində işləyirik. Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq “Smart Nation” – yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir”.

Dövlət başçısı vurğulayıb ki, pandemiya dövründə, özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil: “Ona görə bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır. Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək”.

Prezident Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı görülən işlər barədə də danışıb: “Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi”.

Dövlət başçısı səhiyyə sisteminin qısa müddətdə pandemiya şəraitinə uyğun qurulmasını xüsusi qeyd edib: “Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik. Ona görə biz artıq aprelin sonunda gördük ki, üç həftə ərzində dinamika müsbətdir, yoluxanların sayı sağalanların sayından azdır və biz yumşalma tədbirlərinə keçdik. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Ancaq bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq”.

Prezident diqqətə çatdırıb ki, ölkəmizdə hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir. Hazırda 19 xəstəxanada ancaq koronavirus xəstələri müalicə olunur. Çünki indi bəzi xəstəxanalarda artıq xəstə qalmayıb. Ancaq 20-dən çox xəstəxana hazırdır, həmçinin modul tipli 10 xəstəxananın inşası başlayıb və birinin açılışı olub. Bu da əlavə 2000 yataq deməkdir. Qeyd olunub ki, xaricdən təxliyə edilən vətəndaşlar iki həftə karantində saxlanılır. İndiyədək 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib: “Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıb: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək”.

Dövlət başçısı mövcud şəraitdə dövlət tərəfindən bütün zəruri işlərin görülməsi ilə bərabər vətəndaşların məsuliyyətinin mühüm amil olduğunu deyib: “Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir”.

Prezident həmçinin diqqətə çatdırıb ki, Azərbaycan belə bir çətin vəziyyətdə müxtəlif ölkələrə yardımlar da göstərir: “Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi”.