Pandemiya internetdən asılı elədikcə mədəni istirahətimizi də onun virtual tələb-təklifinə uyğun qurmağa məcburuq.  Artıq iki aydır ki, teatrlar da öz repertuarlarını virtual müstəviyə daşıyıblar. Sumqayıt Dövlət Dram Teatrı da onlayn nümayişlərlə repertuarındakı nümunələri sənətsevərlərə təqdim edir.

Teatrın mətbuat katibi Leyla Eynullayeva tamaşaçı ilə teatrın birbaşa ünsiyyəti mənasında canlı yayım nümayişləri zamanı tamaşaçı rəylərini diqqətdə saxladıqlarını bildirdi: “Pandemiya başlanandan bəri aylıq repertuar planını, həftədə 5 nümayiş olmaqla, təqdim edirdik. Amma prosesin uzandığını gördükdə planda müəyyən dəyişiklik edildi. Daha çox arxiv tamaşalarına müraciət etdik. Məqsəd əsasən gənc nəslin nümayəndələrini teatrımızın zəngin tarixi ilə yaxından tanış etmək idi. Amma biz onlayn tamaşalar üzündən izləyicilərimizi itirmək qorxusu yaşamırıq. Əksinə, bu,  tamaşaçılarımızın maariflənməsi, teatra marağının artması, eləcə də repertuarımıza, yaradıcılıq xəttimizə bələd olması baxımından maraqlıdır”.

Əslində, mövcud vəziyyətdə teatrlar onlayn nümayişlər vasitəsilə həm də öz tamaşaçı auditoriyalarını genişləndirməyə çalışırlar. Bu da təbliğat baxımından vacib addımdır. “Canlı tamaşalara yazılan rəylər rəhbərlik tərəfindən təhlil edilir və bu rəylərdən gəldiyimiz nəticə növbəti ayın virtual repertuarı tərtib edilərkən nəzərə alınır. Təbii ki, onlayn tamaşaya baxan insanlar izlədikləri maraqlı tamaşanı sonradan gəlib canlı şəkildə görmək arzusunda olacaqlar. Çünki onlar da bilir ki, teatr canlı ünsiyyətdir. Yəni tamaşaçını itirmirik, əksinə, qazanırıq. Bundan əlavə, yeni tamaşalarımızın anonslarını da bu formatda veririk”, – deyə həmsöhbətimiz bildirir.

Bu arada yaradıcı fəaliyyət də imkan daxilində davam etdirilir. Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov tanınmış teatrşünas, professor Aydın Talıbzadənin yeni mono-pyesi üzərində məşqlər edir. Bundan başqa, ilk dəfə olaraq Sumqayıt teatrında yeni tamaşanın onlayn məşqi, qəbulu və nümayişi gerçəkləşəcək. 150  illik yubileyi qeyd edilən görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”  əsəri gənc rejissor Fuad Kazımzadənin quruluşunda bu üsulla hazırlanacaq.

Eyni zamanda karantin rejiminin tədricən yumşaldılması bu vəziyyətin bitəcəyinə də ümidləri artırır. Elə teatrın yaradıcı heyəti də tamaşaçıları ilə canlı ünsiyyəti səbirsizliklə gözləyirlər. Karantin rejimi bitdiyində tamaşaçılar bu teatrın səhnəsində Əməkdar artist Namis Şirməmmədovun quruluşunda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Ülviyyə Heydərovanın “Uşaqlıq” tamaşalarını izləyə biləcəklər. Teatra dəvət olunmuş rejissor Gülnar Hacıyeva isə uşaqlara “Göyçək Fatmanın nağılı”nı təqdim edəcək.

HƏMİDƏ