Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır. Artıq bununla bağlı ilk həftənin qrafiki elan olunub və 6-7 iyun tarixində müvafiq şəhər və rayonlar üzrə buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 1-də keçirilən onlayn mətbuat konfransında bununla bağlı bir sıra məsələlərə aydınlıq gətirib. 

M.Abbaszadə ilk olaraq ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu haqqında məlumat verib. Bildirib ki, imtahanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınmaqla və xüsusi sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunacaq.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

İmtahanlarda iştirak etmək üçün imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə yanaşı, sağlamlıq haqqında bəyannamə də (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır) tələb olunacaq.

Buraxılış (qəbul) imtahanları hər həftəsonu (şənbə və bazar) keçiriləcək. Üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s.) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.

Qeyd edək ki, 2 iyun tarixinə olan məlumata görə, ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı 78912-dir. I-IV qrup üzrə 66308 abituriyent ərizə verib. Onlardan 60572-si Azərbaycan, 5736-sı rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 28034 (25663 nəfər Azərbaycan, 2371 nəfər rus bölməsi), II qrup üzrə 12516 (11265 nəfər Azərbaycan, 1251 nəfər rus bölməsi), III qrup üzrə 20948 (19456 nəfər Azərbaycan, 1492 nəfər rus bölməsi), IV qrup üzrə 4810 (3975 nəfər Azərbaycan, 590 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib. V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 50516 nəfərdir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ərizələrin qəbulu mayın 12-də başlayıb. Elektron ərizə qəbulu iyunun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək. DİM-dən verilən məlumata görə, V ixtisas qrupuna aid olan musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi kimi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları olmayacaq, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaq. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti və Memarlıq və İnşaat Universitetinin dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları xanəndəlik, vokal sənəti, aşıq sənəti və xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.