“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə muzeyləri və tarixi abidələri ziyarət etmək imkanı olmayan uşaqlar üçün virtual tur təşkil edib.

İdarədən bildirilib ki, “Ümid yeri” uşaq sığınacağının sakinlərinə Bakının incisi olan Qız qalası maraqlı virtual turla nümayiş olunub.

Uşaqlara “World Heritage 3D Scanning” proqramı vasitəsilə Qız qalasına ilk dəfə virtual səyahət imkanı yaradılıb, abidə haqqında ətraflı məlumat verilib. Sonra İçərişəhərin digər abidələri haqqında canlı məruzə-ekskursiya təşkil olunub.

Qeyd edək ki, “World Heritage 3D Scanning” proqramı vasitəsilə İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi “İçərişəhər” Muzey Mərkəzinin təşəbbüsü və Almaniyanın “EKМ Global Consulting GmbH” və “3D Scanning Project” şirkətlərinin birgə əməkdaşlığı ilə həyata keçirilib.